Ordumuzun yanındayıq

3 Aprel 2016 20:47 (UTC+04:00)

Cəbhədə baş verən son hadisələrlə bağlı Azərbaycanın hərbiyönümlü təşkilatları bir araya gəlib. Baş verənləri müzakirə edən təşkilat rəhbərləri birgə açıqlama yayıblar.

Açıqlamada deyilir:
"Xəbər verildiyi kimi, aprelin 2-nə keçən gecə Qarabağda erməni separatçıları tərəfindən növbəti dəfə atəşkəs rejimi pozulub. Dinc əhalimiz iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Mülki əhali arasında itkilər olub. Dəfələrlə olduğu kimi, son zamanlarda da baş verənlərin qarşısını almaq üçün beynəlxalq təşkilatlar, o cümlədən ATƏT-in Minsk qrupu konkret iş görmədi. Bu səbəbdən də azğınlaşmış düşmənin qarşısını almaq üçün Azərbaycan ordusu cavab tədbirləri görüb. Düşmən ağır itkilər verərək əvvəlki mövqelərindən geri çəkilib. Biz Qarabağ döyüşçüləri, hərbiyönümlü təşkilat rəhbərləri bəyan edirik ki, baş verən hadisələrin əsas günahkarları işğalçı Ermənistan və onun havadarlardır. Dəfələrlə atəşkəsi pozan, dinc insanlarımızı atəşə tutaraq qətlə yetirən ermənilər bir gün cavablarını almalıydılar. Və aldılar! Biz hər zaman olduğu kimi, yenə də ordumuzun, Azərbaycan dövlətinin, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan Silahli Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin yanındayıq! Torpaqlarımızın azad olunması yolunda hər bir əmrə hazırıq. Cənab Ali Baş Komandanımızın əmrini gözləyirik! Allah şəhidlərimizə rəhmət eləsin! Ən azı Xankəndində görüşənədək!".

Toplantıda "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri", "Azərbaycan 20 yanvar", "Azərbaycan Vətən Müharibəsi Veteranları", "Qarabağ qaziləri", "Əfqanıstan Veteranları İttifaqı", "Azərbaycan Beynəlmiləlçi Döyüşçülər Fondu", "Azərbaycan Çernobıl Əlillər", "Ehtiyatda Olan Zabitlər Konfederasiyası", "Tərxis olunmuş Hərbiçilərin və Gənclərin Maarifləndirilməsi", "Azərbaycanda Minadan Zərəçəkənlərin Assosiasiyası" birliklərinin rəhbərləri və nümayəndələri iştirak ediblər.