Respublika Veteranlar Təşkilatı bəyanat yaydı

2 Aprel 2016 19:33 (UTC+04:00)

Respublika Veteranlar Təşkilatı Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttində gərginliyin artması ilə bağlı bəyanat yayıb. SİA-nın məlumatına görə, bəyanatda bildirilir ki, aprelin 2-nə keçən gecə bütün cəbhəboyu mövqelərimiz və təmas xəttinə yaxın bir sıra yaşayış məntəqələri iriçaplı silahlar, minaatanlar, qumbaraatan və artilleriya qurğularından intensiv atəşə tutulub. Öz xalqının etimadını tamamilə itirmiş Ermənistan kriminal rejimi ölkədəki dözülməz vəziyyətdən, əhalinin narazılığından diqqəti yayındırmaq məqsədilə mütəmadi surətdə cəbhə xəttində təxribatlar törədir.

Ümumiyyətlə, son vaxtlar erməni silahlı bölmələrinin təmas xəttində atəşkəs rejimini mütəmadi olaraq pozması, düşmən təxribatlarının intensiv xarakter daşıması Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatını və Azərbaycanın 1 milyon 300 minlik veteranlar ordusunu da ciddi narahat edir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnaməyə, dünyanın nüfuzlu beynəlxalq təşkilatlarının qərar və bəyanatlarına baxmayaraq, Ermənistan tərəfi hələ də Azərbaycan ərazisinin 20 faizini işğal altında saxlayır, təcavüzkar siyasətini daha açıq şəkildə davam etdirir.

Bəyanatda daha sonra deyilir: "İşğalçı tərəfin atəşkəs rejimini pozması dünya birliyi, həmçinin nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də pislənməli, onlardan Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etmələri tələb olunmalıdır. Əks-təqdirdə Ermənistanın dövlət rəhbərlərinə qarşı ən sərt beynəlxalq sanksiyalar tətbiq edilməlidir".

Respublika Veteranlar Təşkilatının bəyanatında vurğulanır ki, Azərbaycanın güclü, müasir silahlarla təchiz olunmuş ordusu var. Silahlı Qüvvələrimiz düşmən işğalı altındakı torpaqlarımızı hər an azad etmək üçün Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin əmrini gözləyir. Veteranlar ordusu da bu sıraya qoşulmağa hazırdır. Qoy, bunu Azərbaycan ordusunun və xalqının gücünə bələd olan düşmən də bilsin. Onu da bilsin ki, Azərbaycan əsgərinin işğal altındakı ərazilərimizi düşməndən azad edəcəyi gün uzaqda deyil.