Aydın Mirzəzadə: “Onlar da buraxdığı səhvlərdən nəticə çıxaracaqlar” AÇIQLAMA

2 Aprel 2016 11:05 (UTC+04:00)

"Azərbaycan Prezidenti İlham Əliyev Novruz bayramı ərəfəsində növbəti dəfə hər bir vətəndaşına qayğı və mərhəmətlə yanaşdığını sübut etdi. Özlərini siyasi məhbus adlandıran bir qrup şəxs öz əməllərindən peşmançılıq hissi keçirdikləri üçün ailə vəziyyətləri, gənc olmaları nəzərə alaraq əfv edildilər". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə özlərini siyasi məhbus adlandıran bir qrup şəxsin azadlığa çıxandan sonra hakimiyyətin ünvanına qeyri-real fikirlər səsləndirməsinə münasibət bildirərkən deyib.

Millət vəkilinin sözlərinə görə, onların bir hissəsinin cəzası məhkəmə yolu ilə şərti cəza ilə əvəz edildi. Beləcə, bu insanlar yenidən həyata qaytarıldılar. Həmin şəxslərin bundan sonra nə cür hərəkət edəcəyi artıq onların öz seçimidir. Düzdür onların böyük bir qismi bundan sonra normal bir vətəndaş həyatı yaşayacaqlarını, qanunları pozmayacaqlarını bildirdilər. Bir qismi isə ya Azərbaycanda, ya da xaricdə müəyyən dairələrin təsiri altında yenə də əvvəlki fikirlərini səsləndirməkdə davam edirlər. Bu seçim onların seçimidir. Bu fikirlərinə görə heç kəs onları cəzalandırmaq və yaxud yenidən həbsinə atmaq fikrində deyil.

Ümid etmək istəyərik ki, onlar da buraxdığı səhvlərdən nəticə çıxaracaqlar. Beləcə Azərbaycan dövlətinə layiqli bir vətəndaş kimi xidmət edəcəklər, eləcə də həyat quruculuğunda demokratik inkişafa töhfəsini verəcəklər. Bilməlidirlər ki, Azərbaycanda sabitliyi pozmaq istəyən müəyyən qüvvələr var".