Azərbaycan cüdoçusu Türkiyədə medal qazandı

2 Aprel 2016 10:27 (UTC+04:00)

Türkiyənin Samsun şəhərində cüdo üzrə Qran-Pri yarışına start verilib. Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, yarışın ilk günü milli komandamız üçün uğurlu olub. Belə ki, millimiz aktivinə ilk medalı yazdıra bilib.

60 kq çəki dərəcəsində ölkəmizi təmsil edən İlqar Müşkiyev 1/4 finala gedən yolda ilk olaraq belçikalı Senne Vins, daha sonra isə çinli Jianqi Anı məğlub edib. 1/4 finalda Belarus cüdoçusu Arif Bağırova qalib gələn Müşkiyev yarımfinala adlayıb. Lakin yarımfinalda təmsilçimiz tatami sahibi Bəkir Özlüyə uduzub. 3- cü yer uğrunda qarşılaşmada isə o, bolqarıstanlı Yanislav Qerçev üzərində qələbə qazanaraq millimizin aktivinə ilk medalı yazıdırıb.

Bu çəkidə mübarizə aparan digər təmsilçimiz Orxan Səfərov ilk qarşılaşmasında tatami sahibi Əhməd Kabaya məğlub olub.

Digər cüdoçularımız - Nicat Şıxəlizadə (66 kq) və Aişə Qurbanlı (48 kq) da mübarizəni erkən dayandırıblar.

Qeyd edək ki, 398 (237 kişi, 161 qadın) idmançının qatıldığı mötəbər turnirdə millimiz 11 cüdoçu ilə mübarizə aparır.