Vətən daşına dönük çıxanlar onlar dəyişən deyil

2 Aprel 2016 10:17 (UTC+04:00)

Prezident İlham Əliyevin martın 17-də imzaladığı əfv sərəncamına əsasən azadlığa çıxan şəxslər arasında özlərini vətəndaş fəalları, hüquq müdafiəçiləri, siyasətçilər kimi təqdim edənlər də vardı.

Bəziləri isə Ali Məhkəmənin qərarı ilə sərbəst buraxıldılar, cəzaları yüngülləşdirildi və ya şərti həbslə əvəzləndi.

Bəhs etdiyimiz zatlar Anar Məmmədli, Tofiq Yaqublu, Rəsul Cəfərov, Tofiq Yaqublu, İntiqam Əliyev, Leyla və Arif Yunuslardır.

Onlar həbsdə olduqları müddətdə demokratiyadan, söz və vicdan azadlığından, insan haqlarından sürəkli bəhs edir, "rule of law" ("qanunun aliliyi") prinsipinə riayətin dövlətin fəaliyyətində və cəmiyyətdəki münasibətlər toplusunda ən məhvər məsələlərdən biri olduğunu vurğulayırdılar.

Qanunun aliliyi həm də mənəviyyat prinsiplərinin görməzdən gəlinməməsini ehtiva edir.

Əfsuslar olsun ki, adlarını çəkdiyimiz insanlar merkantil maraqlarını mənəviyyatın tələblərindən və etika anlayışlarından dəfələrlə yüksək tutaraq vicdanları ilə əməlləri arasında diskurs yaratdılar.

Əslində, onların belə davranışları təsadüfi deyil: həmin şəxslərin hamiləri onlardan məhz belə davranış tələb edir, havadarları belə bəyanatların səslənməsini istəyirlər.

Anar Məmmədli, İntiqam Əliyev və Rəsul Cəfərov Azərbaycana qarşı qərəzli, kəskin antipatik mövqeyi ilə seçilən The Guardian (Britaniya) qəzetiin "Mövqelər" bölməsinə məqalə yazaraq soruşublar: "Əgər Azərbaycanda demokratiya varsa, biz nəyə görə həbs olunmuşduq?"

Həbsdə olan Xədicə İsmayılova The Washington Post-da dərc edilmiş yazısında üslubuna və anlayışına uyğun "açıqlama"lar verir, ABŞ prezidenti Barak Obamanı Azərbaycanın dövlət başçısı İlham Əliyevdən hesabat almağa, sorğu-sualı gerçəkləşdirməyə çağırır və yenə də təsadüf deyil ki, X.İsmayılovanın şüurunda Obamanın sualları istintaq sorğusu kimi səslənməlidir.
Tofiq Yaqublu isə artıq Qərbi belə, usandırmış efemer "Azərbaycandakı siyasi məhbuslar" idiomasını fasiləsiz səsləndirir, üstəlik bu "problem"də ölkə rəhbərliyini suçlayır, Qərbdən Azərbaycana qarşı maksimal dərəcə sərt sanksiyalar tətbiqini və embarqonun reallaşdırılmasını istəyir.

Dəstəyə Əkrəm Əylisli də qoşulub. Belə ki, elə həmin The Guardian bu günlərdə hava limanında münaqişə yaratdığına görə saxlanılan və haqqında cinayət işi qaldırılan Əkrəm Əylislini az qala Qabriel Qarsia Markesə bab bilir.
Azadlıqdan məhkum olunanlar adətən islah-əmək düşərgəsinə göndərilirlər.
Di gəl, bəhs etdiyimiz insanlar nə özlərini islah ediblər, nə də əməyin nə demək olduğunu anlamadıqlarını göstərərək siyasi tüfeyliliyi davam etdirməyi daha sərfəli sayıblar.
Onlar indiyədək dəfələrlə "apatik, süst, qorxaq kütlə" adlandıraraq aşağıladıqları xalqa xitabət edirlər.
Amma xalq onları yaxşı tanıyır və bunun üçün də kimsə dabbaqda gön axtarışına çıxmır.

Qeyri əks olanda və ya qanunu pozub qanundan danışanlar

Qədim Romada "a" hərfi istənilən sözün qarşısında səsləndiriləndə həmin kəlmə mənasını tam əksinə dəyişirdi. Məsələn, "loqika" kəlməsinin mənası "məntiq"dirsə, "aloqika" məntiqsizlikdir.
Dilimizdə "a" hərfi bir çox dillərdəki təki, ilk səs, əlifbamızda da ilk hərfdir.
Fəqət, bizdə hansısa sözün qarşısında "A" hərfinin məna tutumu və sxolastikası latın dilindən fərqlidir. Bizdə bu hərf daha çox ünsiyyətdə təəccüb izharıdır.

Eynən "qeyri" sözü təki: bu söz nədənsə kənarda, xassədən xaricdə mənasını heç də həmişə vermir.
Məsələn, "qeyri-hökumət təşkilatı" dedikdə hökumətdən uzaqda, gözdən və könüldən iraqda, xəlvət dərədə anlamı yaranmamalıdır.
Amma nə edəsən ki, yaranır və bir sıra qeyri-hökumət təşkilatlarının rəhbərləri işlərini qeyri, təşkilatlarını hökumətdən kənar, özlərini də hökumətə qarşı bilirlər və ən pisi də odur ki, hökumətlə dövlət və xalqı eyniləşdirərək çalışırlar. Yaxud da çalışmağa cəhd göstərirlər.

Fəaliyyətlərini sürəkli olaraq Azərbaycana qarşı çalışmaqda, çevrilişə, üsyana və inqilaba, ən "yaxşı" halda qiyama çağırışlarda görən, desktruvizmi praqmatlıq, ölkənin maraqlarını və xalqın mənafelərini sifariş aldıqları strukturların tapşırıqlarına çox asanlıqla qurban verməyi vətənpərvərlik, cinayətkarları "siyasi məhbus", radikalları "vicdan məhbusu" elan etməyi hüquq müdafiəçiliyi sayanlar sırf maliyyə fırıldaqlarına və saxtakarlığa görə həbs olunur, cəzalanır, amma onların hədəfə aldıqları dövlət humanizm göstərərək cəzanı azaldıb şərti həbslə əvəzləyəndə, yaxud da ümumiyyətlə, əfv edəndə normal yaşayıb adekvat danışmaq əvəzinə daha da çılğınlaşırlar.
Belələrinin iddiaları arasında onların rəhbərlik etdikləri qeyri-hökumət təşkilatlarının fəaliyyətlərinə maneələr yaratması barədə yalanlar xüsusi yer tutur.

Onların istəkləri, özlərinin dedikləri təki, "sadədir: xaricdəki təşkilatlardan və beynəlxalq qurumlardan aldıqları pulların nəzarətdə olmasını, xərclərin yoxlanmasını, hesabat tələb olunmasını istəmirlər.
Onlar tam nəzarətsiz fəaliyyət tələb edirlər.
Bu adamlar həbslərindən əvvəl olduğu kimi, gerçəklə əsassız iddiaları qarışdırırlar, yaxşı bildikləri məqamları irreal ünsürlər kimi qələmə verirlər.

Onlar demirlər ki, qardaş Türkiyədə Ədliyyə və Daxili İşlər nazirliklərinin rəsmi icazəsi olmadan heç bir QHT beynəlxalq təşkilatlardan bir sent də pul ala bilmir.
Finlyandiyada Maliyyə Nazirliyinin total nəzarəti olmadan hansısa QHT-nin fəaliyyəti, sadəcə, mümkün deyil. Fransada xarici ölkədən və ya beynəlxalq təşkilatdan hər hansı formada maliyyə yardımı alan QHT dərhal təhlükəsizlik orqanlarının nəzarətinə götürülür. Avstriya, İsveçrə, İtaliyada QHT-lər mütləq şəkildə polisdə qeydiyyatdan keçməlidir.
Sadaladığımız ölkələrdə QHT rəhbəri müsahibələrində və yazılarında dövlət çevrilişinə çağırışlar etsələr, yaxud da xari dövlətlərin yaşadığı ölkəyə sərt təzyiq, pressinq göstərməyə, sanksiyalar tətbiq etməyə çağırsalar, sözügedən qurumların fəaliyyəti dayandırılır.

Mütləq şəkildə, qeydsiz-şərtsiz.
Belədirsə, Azərbaycanda həbsdən azadlığa buraxılan, amma öz amplualarında qalan və əsla dəyişməyən, dəyişmək də niyyətində olmayıb əvvəlki aqressivliklə davranan insanların istəyi, tələbləri nə dərəcədə məntiqidir, hüquqidir?

Kimdir bu adamlar?

Xədicə İsmayılova... Yataq otağındakı "eşq macərası"nın videosunun yayılmasından əsla çəkinməyən, hətta bunu mərdlik, cəsarət və qorxmazlıq kmi qələmə verən insan, sürəkli qalmaqalları ilə tanınan şəxs. "Azadlıq" radiosunda çalışanda sosial şəbəkələrdə daim "Niyə susursunuz?" sualı ilə tanınırdı.

İndi həbsdə olan bu xanımın müdafiəçiləri arasında yaşadığı Britaniyada "hüququn qlamur üzqarası" təki tanınan Amal Klunidən tutmuş, Azərbaycan siyasətinin uğursuzluq simvollarından biri Əli Kərimli, Ruslan Bəşirlinin Tbilisidə ermənilərlə görüşündə "əyyaş" adlandırdığı, sonra da "Üç Palma" restoranında özbək əxlaqsız qadınlarla tutulan, indi mühacirətdə olan Qənimət Zahidov, habelə Rebekke Vinset, Georgi Qoqiya təki Ermənistandan və erməni təşkilatlarından maliyyə dəstəyi aldıqlarını əsla gizlətməyən, Azərbaycan və azərbaycanlılara əsla sayğı bəsləməyən şəxslər.

Anar Məmmədli... Uzun illərdir xarici ermənipərəst dairələrin Azərbaycanda təsir agenti funksiyasını şərəfsizcəsinə yerinə yetirən birisi. Uzun İllərdir Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi (əvvəlki adı Seçki Monitorinq Mərkəzi) adlı bir quruma formal rəhbərlik etmiş və Azərbaycandakı seçkiləri tənqid etmək üçün xarici ermənipərəst dairələrə fantastik uydurmalardan ibarət bəhanə verən "demokrat". Guardiana açıqlama yazmazdan əvvəl, yaxşı olardı ki, o, SMDT-nin hansı vəsait hesabına fəaliyyət göstərdiyini açıqlasın. Seçkilər dövründə pafoslu bəyanatların əsl həqiqətdə kimlər tərəfindən hazırlandığını desin. 2005-ci il parlament seçkilərdində SMDT 30-a yaxın QHT-ni birləşdirərək seçkilərin monitorinqini həyata keçirirdi. Seçkilərə bir neçə gün qalmış təşkilatın ofisinə gələn iki xarici arxa otaqda məskunlaşır və mərkəzin fəaliyyətini idarə etməyə başlayır. Biri Serbiyadan, digəri isə ABŞ-dan olan bu şəxslər, həmçinin SMDT-nin yekun bəyanatını hazırlayaraq təşkilat adından yayırlar. Maraqlıdır ki, həmin dövrdə Azərbaycanda səfərdə olan ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt da həmin bəyanata istinad edərək Azərbaycandakı seçkilərin demokratikliyini şübhə altına almağa çalışdı.

2005-ci ildən ABŞ-ın Milli Demokratiya İnstitutunun Azərbaycandakı "ən önəmli" agenti sayılan, Aleks Qriqovyesin xüsusi əhəmiyyət verdiyi, rezidenti bildiyi A.Məmmədli "inqilabi dəyişikliklər prosesi"nə cəlb etdiyi gəncləri Ukraynaya "Pora"dan, Gürcüstana "Kmara"dan təcrübə öyrənməyə yollayır, fəal təbliğat kampaniyası apararaq Azərbaycandakı seçkilərlə bağlı Qərbdə ifrat mənfi rəy yaratmağa çalışırdı. 2013-ci ildəki seçkilərin sabotajı üçün o, 400 gənci başçılıq etdiyi prosesə cəlb etmişdi.

Tofiq Yaqublu... Müsavat başqanının müavini olmuş T.Yaqublu "Siyasi məhbuslar probleminin arxasında şəxsən prezident Ilham Əliyev durur" təki absurd iddianı səsləndirən bu şəxs "iddiasını irəli sürməzdən əvvəl, görəsən, özündən soruşurmu ki, elə həmin partiyanın Divan üzvü Aydın Acalovun Peugeot-206 avtomobilinin sükanı arxasında niyə qızı Nigar Yaqublu vardı?
Nigar Yaqublu maşının idarəetməsinin öhdəsindən gələ bilməmişdi, qəza törətmişdi və həmin qəzada da A.Acalov həlak olmuşdu. Hadisə 2012-ci ilin avqustun 25-də baş vermişdi.

Praqa Beynəlxalq Universitetinin Azərbaycandakı təmsilçisi A.Acalov idi, onun meneceri də Nigar Yaqublu.
Tofiq Yaqublu nədən özünə sual vermir ki, həmin qəzadan sonra qızı niyə həbs olunmalıydı, nə üçün Rusiyada acınacaqlı şəkildə dünyasını dəyişməliydi və ən nəhayət, bütün bunlar yaşanmaya bilərdimi?! İnsanın özünə verəcəyi suallara cavab tapmadan cəmiyyətə hüquq, partiyalara siyasət, vətəndaşlara mədəniyyət tədrisi təki açıqlamalar verməsi ən azı birmənalı təsir bağışlamır.

Emin Hüseynov.... Foreign Policy-də məqaləsi dərc olunan Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) sədri Emin Hüseynov Azərbaycanı, dövləti tənqid edir, mənəviyyat və siyasətin imperativlərindən yazır.
Fəqət o, konkret olaraq nədən danışır - öz aləmindəki anlamlardan, yoxsa sosium üçün şərt sayılan məqamlardan?
Emin Hüseynov yazısında çoxlu suallar verir, lakin onun özü RATİ-nin təsis olunması ilə bağlı suallara nə dərəcədə şəffaf, konkret cavab verə bilər - maraqlıdır.

E.Hüseynov ABŞ-ın Azərbaycandakı səfirliyinin keçmiş əməkdaşı Sara Paulsworthla ailə qurmuşdu və bu səbəbdən də onun xitab etdiyi kütlədə sual yarana bilər ki, görəsən, miss Sara da İsveçrədədirmi? E.Hüseynov mental dəyərlərdən danışırsa, qardaşı Mehman Hüseynovun Bakı bulvarında heykələ qarşı nalayiq hərəkət edib videosunu internetdə yerləşdirməsini necə dəyərləndirir?

Əkrəm Əylisli... Azərbaycanın xalq yazıçısı, Şöhrət ordeni ilə təltif edilmiş, lakin sonradan "Daş yuxular" romanı ilə "əqlin yuxusu vəhşətlər yaradır" aksiomunu bir daha təsdiqləyən ədib. Azərbaycanlılara qarşı soyqırımlar törədən, on minlərlə azərbaycanlını qətlə yetirən, işgəncələr və əzabları "bu türklərlə davranış norması" elan edən daşnkalarla "barışığın vaxtı çatıb" təki absurdun təbliğatına başlayan bir şəxs.

"Güllü paltar mövsümü"ndən "Daş yuxular"adək yaradıcılıq tənəzzülünü keçən Əkrəm Əylisli indi Nobel ədəbiyyat mükafatı almaq, vətəninə və millətinə dönüklük simvoluna çevrilmiş Orxan Pamuku belə, geridə qoymaqda qərarlı olan bu şəxs də ümumi xordan geri qalmamaq üçün "əzilmişlər"lərə qatılmaqla qərar verib.

Və ən nəhayət, Leyla və Arif Yunuslar... Bütün imkanlarını Azərbaycan dövləti ilə Sizif mübarizəsinə sərf etmiş bu ikili həbs olunana qədər fəaliyyətlərini biznes atributikası ilə "bəzəyərək" külli miqdarda qazanc əldə etmişdilər.

Məhkəmə prosesləri vaxtı bu cütlüyün xaricdən gələn qrantları necə mülklərə çevirdikləri, hansı banklarda nə qədər pul saxladıqları aşkarlandı. Əslində, Leyla Yunusun ermənilərə ilıq münasibəti, "yalnız söyüş söyəndə Azərabycan dilində danışıram" söyləyərək yaşadığı ölkəyə münasibətini sərgiləməsi Polişinel sirri idi.

Yunuslar indi ağır xəstə olduqlarını imitasiya edərək Azərbaycanı tərk etməyə çalışırlar.

... General Franko dönəmində İspaniyada vətənə və millətə qənim kəsilənlər "quinta columna", yəni "beşinci sütun" adlanırdı.
Ernst Heminquey belələrinə pyes də həsr edib.
Di gəl, bəhs etdiyimiz şəxslər, Azərbaycandakı "quinta columna" barədə tragikomediya, yaxud da vodevil yazılmalıdır. Çünki bu şəxslər ən yaxşı halda operetta qəhrmanları ola bilərlər.

Orxan Hun
Mili.Az