Elşən Musayev: “Bəlkə də səfərin əsas məqsədi Azərbaycanın vasitəçiliyidir” AÇIQLAMA

1 Aprel 2016 16:53 (UTC+04:00)

"Ümumiyyətlə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bütün görüşlərdə müzakirə olunması təbii ki, bizim bir azərbaycanlı olaraq arzumuzdur. Amma bütün görüşlərdən əvvəl protokol müəyyən olunur. Əgər onlar nəzərə alsalar ki, Azərbaycanın əsas məsələsi Dağlıq Qarabağdır o zaman heç şübhəsiz ki, bu məsələlərə də toxunulacaq". Bunu SİA-ya millət vəkili Elşən Musayev aprel ayının 7-də keçiriləcək Azərbaycan-Rusiya-İran xarici işlər nazirləri rəhbərlərinin üçtərəfli görüşünə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, nazirlərin görüşündə Qarabağ məsələsinə toxunmaq qaçılmazdır: "Amma bu gün dünyanı başqa hadisələr öz cənginə alıb. Buna misal olaraq, terroru, beynəlxalq səviyyədə dövlətlərin münaqişəsi və s. göstərə bilərik. Əslində sözügedən üçlük çox gözəl üçlükdür. Əlaxsus da burada əsas söhbət İran və Rusiyadan gedir. Bildiyiniz kimi, bu ölkələrlə Azərbaycan arasında münasibətlər olsa da son zamanlar müəyyən soyuqlaşma mövcud olub. Xüsusən də İran və Rusiya arasındakı münasibətləri buna aid edə bilərik".

E.Musayev əlavə edib ki, Azərbaycan həmişə Rusiya-Türkiyə, İran-Türkiyə arasında və s. yaxşı mövqe tutmağa çalışıb. Bəlkə də elə bu səfərin, müzakirələrin əsas aspektlərindən də biri Azərbaycanın bu məsələlərdə bir vasitəçi olması olacaq. Hətta cənab Prezident İlham Əliyevin də bütün çıxışlarında birmənalı olaraq vurğulanır ki, dünya barış içində olmalı, təhlükəsizlik problemlərini yetərincə həll etməlidir. Təbii ki, bu, Azərbaycanın mövqeyidir".