İlham Şaban: "Enerji təhlükəsizliyi milli təhlükəsizlik konsepsiyalarının tərkib hissəsidir" MÜNASİBƏT

1 Aprel 2016 16:13 (UTC+04:00)

"Azərbaycan Prezidenti cənab İlham Əliyev ABŞ Dövlət Katibi Con Kerri ilə görüşündən sonra mətbuat üçün birgə açıqlamasında maraqlı bir detala toxunub. Prezident ABŞ-a "Cənub qaz dəhlizi" layihəsinin reallaşmasında göstərdiyi dəstəyə görə təşəkkürünü bildirdi. Bir məqama toxunum ki, ABŞ şirkətləri nə "Şahdəniz" layihəsində, nə də bu yataqdan çıxarılacaq qazın Avropaya daşınmasına xidmət göstərəcək heç bir infrastruktur layihələrində təmsil olunmayıblar. Bəs onda ABŞ-ın dəstəyi nədən ibarətdir? ABŞ Dövlət departamentinin enerji məsələləri üzrə xüsusi nümayəndəsi "Cənub qaz dəhlizi" ilə bağlı Azərbaycanın təşkil etdiyi bütün mötəbər tədbirlərə qatılıb və daim rəsmi Vaşinqtonun bu layihələrə önəm verdiyini bəyan edib". Bu fikirləri SİA-ya "Caspian Barrel" Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban deyib.

İlham Şaban qeyd edib ki, enerji layihələri ölkələrin təkcə enerji təhlükəsizliyi demək deyil: "Bu, həm də milli təhlükəsizlik konsepsiyalarının tərkib hissəsidir. Bu baxımdan qlobal enerji layihələrinin reallaşması ilk növbədə iri dövlətlərin onlara olan mövqeyindən, yanaşmasından asılı olur. Bu mənada ABŞ-ın Azərbaycanın həyata keçirdiyi infrastruktur layihələrinə olan müsbət münasibəti təsirsiz ötüşməyib. Məhz ona görə də Azərbaycan Prezidenti Con Kerriyə bir məsələni də xatırlatdı ki, əgər Ağ Evin lazımi dəstəyi olmasaydı, onda biz bu layihənin gerçəkləşməsi üçün daha çox vaxt və səylərimizi sərf edəcəkdik".