Uşaq ədəbiyyatının problemləri müzakirə olunub

1 Aprel 2016 16:09 (UTC+04:00)

Sabah Beynəlxalq Uşaq Ədəbiyyatı günüdür. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu "Uşaq ədəbiyyatı-problemlər və perspektivlər" mövzusunda dəyirmi masa təşkil edib.

Tədbirdən öncə uşaqların rəsm əsərləri sərgilənib. Sərgini Bilik Fondunun aparat rəhbəri, professor İsaxan Vəliyev açaraq uşaqlara ayrılan diqqət və qayğıdan, Bilik Fondunun bu yöndə həyata keçirdiyi layihələrdən danışıb. Bildirib ki, tədbirin keçirilməsində əsas məqsəd uşaqlarda ədəbiyyata və incəsənətə maraq yaratmaqdır.

Tədbirdə iştirak edən Dövlət Uşaq Filarmoniyasının direktor müavini Samirə Əmiraslanova uşaqları uğurlu rəsm əsərlərinə görə təbrik edib. Sonra rəsmləri sərgilənən uşaqlara Bilik Fondunun sertifikatları və hədiyyələr təqdim olunub.

Daha sonra tədbir sözügedən mövzuda müzakirələrlə davam edib. Müzakirələrdə uşaq yazarlarından professor Zahid Xəlil, Reyhan Yusifqızı, Sevinc Nuruqızı, Sevinc Elsevər, Gülqız Süleymanova, Nərminə Gündüzlü, Vüqar Haqverdiyev, Təhsil Nazirliyinin əməkdaşı Elçin Sərdarov, həmçinin ibtidai sinif müəllimləri, nəşriyyat direktorları, uşaqlar və valideynlər iştirak ediblər. Tədbirdə uşaqların sual və təklifləri ətrafında fikir mübadiləsi aparılıb. Yazarlar uşaq ədəbiyyatının çapında, satışında rastlaşdıqları çətinliklərdən bəhs ediblər.

Dəyirmi masada uşaqların və yazarların ifasında müxtəlif şeirlər və satirik hekayələr də səsləndirilib.