Politoloq: “Uorliklə Nalbandyanın görüşü heç bir təsir gücünə malik deyil” MÜNASİBƏT

1 Aprel 2016 15:56 (UTC+04:00)

"ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik münaqişənin tənzimlənməsi məsələsi ətrafında Ermənistanın xarici işlər naziri ilə sıradan bir müzakirə aparıb. Hesab edirəm ki, bu görüşün münaqişənin tənzimlənməsi prosesinə hər hansı bir formada təsiri olmayacaq". Bu fikirləri SİA-ya politoloq Elşad Mirbəşiroğlu Vaşinqtonda keçirilən IV Nüvə təhlükəsizliyi sammitində amerikalı həmsədr Uorlikin Ermənistanın XİN rəhbəri Nalbandyanla görüşməsinə münasibət bildirərkən deyib.

Politoloqun fikrincə, Uorlikin mətbuata açıqlamasından aydın olur ki, münaqişənin tənzimlənməsi istiqamətində hər hansı real addımın atılacağı gözlənilmir: "Ermənistan xarici işlər naziri ilə Ceyms Uorlik arasındakı görüş IV Nüvə təhlükəsizliyi sammiti çərçivəsində baş tutub. Yəni, sırf münaqişənin tənzimlənməsi ilə bağlı digər həmsədrlərin və Azərbaycan xarici işlər nazirinin iştirakı ilə görüş planlaşdırılmayıb. Bu baxımdan da Uorliklə Nalbandyanın görüşü heç bir təsir gücünə malik deyil".

Elşad Mirbəşiroğlu onu da əlavə edib ki, Vaşinqtonda Azərbaycan və Ermənistan prezidentlərin görüşünün keçirilməsi ilə bağlı əvvəlcədən razılıq yaxud planlaşdırma mövcud olmayıb: "Sammitin özünün müzakirə olunacaq kifayət qədər məsələləri var. İştirakçı dövlətlər əsas diqqəti sammitin mövzuları ətrafında müzakirələrə yönəldiblər. Belə böyük toplantılarda dəfələrlə olub ki, Azərbaycan və Ermənistan prezidentlərinin münaqişə ətrafında görüşləri baş tutub. Bu dəfə də bu ehtimal edilsə də, reallaşmadı. Burada xüsusi səbəb axtarmaq artıq olar. Təəssüflər olsun ki, Ermənistanın sərgilədiyi qeyri-konstruktiv mövqe səbəbiylə münaqişəylə bağlı durğunluq hələ də davam edir".