Quba Soyqırımı Memorial Kompleksinə yürüş FOTOLAR

1 Aprel 2016 13:01 (UTC+04:00)

Gənclər üçün Təhsil Mərkəzinin Quba Regional Ofisi və Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialı birgə əməkdaşlığı çərçivəsində gənclərin Quba Soyqırımı Memorial Kompleksinə yürüşü təşkil olunub.

Mərkəzdən SİA-ya verilən məlumata görə, yürüşdən öncə gənclərlə keçirilmiş görüşdə ermənilərin Azərbaycandakı soyqırımı siyasəti haqqında geniş söhbət aparılıb, 1918-1920-ci illərdə ermənilərin törətdikləri soyqırımlar zamanı ümumilikdə 700 minə yaxın azərbaycanlının vəhşicəsinə qətlə yetirildiyi diqqətə çatdırılıb. Bildirilib ki,1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirən daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırımı törədiblər. Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən yaradılan fövqəladə təhqiqat komissiyasının açıqladığı rəqəmlərə görə, həmin hadisələr zamanı Bakıda 12 min nəfərdən artıq azərbaycanlı qətlə yetirilib. Başqa mənbələrdə isə bu rəqəmin daha da artıq olduğu göstərilir. 1920-ci ilin may ayından 1921-ci ilin noyabrına qədər Azərbaycanda ermənilər tərəfindən 48 min nəfər qətlə yetirilib. Azərbaycanda arxeoloji qazıntılar davam etdirilsə, Qubadakı məzarlıqlar kimi xeyli məzarlıq üzə çıxacaq. Çünki bu qətliamlar bütün Azərbaycan üzrə kütləvi xarakter alıb.

Daha sonra yüzlərlə gəncin iştirakı ilə yürüş keçirilib, soyqırım qurbanları anılıb.