Aytən Mustafayeva: "Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət kəsb edir" AÇIQLAMA

1 Aprel 2016 12:31 (UTC+04:00)

"Prezident İlham Əliyevin ABŞ-a səfəri tarixi əhəmiyyət kəsb edir. Dünyanın yaşadığı gərgin zamanda cənab Prezidentin Nüvə Təhlükəsizliyi Sammitinə dəvət olunması, ABŞ dövlət katibi Con Kerri və digər şəxslərlə görüşü Azərbaycana olan münasibətin, ölkəmizin regionda siyasi, iqtisadi fəaliyyətinin yüksək dəyərləndirilməsinin göstəricisidir". Bunu SİA-ya açıqlamasında millət vəkili Aytən Mustafayeva deyib.

O qeyd edib ki, Azərbaycan və ABŞ hər zaman tərəfdaş ölkələr olub: "Ulu Öndər Heydər Əliyevin zamanında ABŞ Əsrin Müqaviləsinin həyata keçirilməsinə dəstək göstərmişdi. Hazırda Azərbaycanın çoxşaxəli istiqamətdə enerji fəaliyyəti haqda təşəbbüs irəli sürməsi və həyata keçirməsi, Avropa və digər ölkələrə enerji dəstəyi göstərməsi çox yüksək qiymətləndirilir.

Deputat bildirib ki, Azərbaycan uzun illərdir NATO-ya dəstək veri: "ABŞ NATO-da əsas rol oynayır. Əsgərlərimiz orada iştirak edir, ərazilərimiz uşaqlar üçün tranzit kimi verilir, sözügedən alyans tərəfindən qəbul olunan proqram - Əfqanıstanın yeni sülh şəraitinə adaptasiyası və təlimlərdə Azərbaycan önəmli rol oynayır. ABŞ bunu yüksək qiymətləndirir. Bu baxımdan Prezidentimizin C.Kerri və konqresmenlərlə çox uğurlu görüşləri oldu. Orada Dağlıq Qarbağ münaqişəsinin danışıqlar yolu ilə həll olunması barədə səslənən təkliflər diplomatik addımdır. Hər kəs başa düşür ki, onlar belə də deməlidirlər. Prezidentimiz onlara cəhbə zonasında yaşanan vəziyyəti izah etdi və bu şəraitdə danışıqları davam etdirdiyimizi bildirdi".

Millət vəkili əlavə edib ki, yaşanan böyük müharibələr zamanında Azərbaycan terrorla mübarizə aparan dövlətlərə böyük dəstək göstərir: "Dövlətimizin bu sahədə böyük təcrübəsi var. Biz 25 ildir beynəlxalq terrorizmin bir qolu olan erməni terrorizimi ilə üzləşmişik və onlara qarşı mübarizə aparırıq. Azərbaycanın torpaqları işğal altındadır, 1 milyon insan qaçqın və məcburi köçkün olub. Dövlətimiz belə böyük problemlərin öhdəsindən gəlir. Miqrantlarla münasibət, onların yerləşdirilməsi, problemlərin öhdəsindən gəlmək, tolerantlıq, mulikulturalizm baxımından Azərbaycan qərb ölkələrinə örnəkdir".