Azərbaycan MDB-nin ən perspektivli turizm ölkəsi seçilib

1 Aprel 2016 09:36 (UTC+04:00)

Rusiyanın "Travel.ru" turizm servisi 2016-cı ildə MDB ən perspektivli turizm ölkələrini müəyyənləşdirib. Mədəniyyət və Turizm Nazirliyindən SİA-ya verilən xəbərə görə, reytinq son il ərzində müstəqil səyahət edən turistlərin hotel və mənzil ayırmalarının artması əsasında tərtib edilib.

MDB ölkələrində 1 sutka qalmaq xərci orta hesabla 3 min rubl (71,18 AZN) təşkil edir. MDB ölkələri rusiyalı turistlər üçün nisbətən ucuz qiymətlər, inkişaf etmiş infrastruktur, vizasız giriş və əsasən də, yerli sakinlərin rus dilində danışa bilmələri ilə cəlbedici olublar.

Məqalədə qeyd edilir ki, rusiyalılar arasında istirahət üçün populyarlığın artım səviyyəsinə görə, Azərbaycan liderlik edir.

2015-ci ildə Azərbaycana 2 mln.-dan artıq gələn turistin 685 min nəfəri Rusiyanın payına düşüb. Onlar əsasən, paytaxt Bakı, Şahdağ dağ-xizək kurortu, Gəncə, Şamaxı, Qəbələ və Naftalan, habelə Göygöl, Xudat, Xaçmaz, Astara və Lənkərana ziyarət ediblər.

Qeyd edək ki, 24 fevral 2016-cı il tarixində Moskva şəhərində Azərbaycanın Rusiyada turizm nümayəndəliyinin açılışı keçirilib. Bunun nəticəsində 2017-ci ilin fevral ayınadək olan müddət ərzində "Tour A Vent" şirkəti tərəfindən təbliğat-təşviqat işləri həyata keçiriləcək.