Əli Əlsaho…Bu ad və soyad Avropa məkanına səpələnmiş yüz minlərlə suriyalı qaçqınlardan bir nəfərə aiddir. Bir gündə 8 dəfə ölüb-dirilən Əli Əlsaho. İŞİD başkəsənlərindən canını və ailəsini götürüb qaçan Əli Suriyadan Türkiyəyə keçdikdən sonra ailəsinə daha yaxşı həyat yaşatmaqdan ötrü Yunanıstana və daha sonra diər Avropa ölkələrindən birinə getməyi planlaşdırır. Ancaq insanları qaçaq yolla dənizə vasitəsilə Yunanıstana keçirən işbazların tələsinə düşür və…
Və bir gündə bütün ailəsini (!) dənizə qurban verir. Həyat yoldaşını…7 azyaşlı övladlarını. Baş verən və sonsuz dərəcədə acı, təəssüf, qəlb sızladan bu olay hətta daş ürəkli insanının hisslərini parça-parça edir. Buna dözmək, səbr etmək, günləri bir-birinə calayaraq yaşamağa ürək lazımdır! Bir günün içində bütün varılığını itirib saç-saqqalını ağardan, cavan yaşında əldən düşmüş qocaya çevrilən Əli Əlsaho yaşayır. Ancaq bir gündə 8 dəfə ölüb-dirilərək…Afina parklarında gəlib-gedənlərə soyuq və mənası itmiş gözləri ilə baxan Əli heç bundan sonra nə edəcəyini belə düşünmür. Tək təsəllisi isə əlində olan telefonudur. Onun telefonunda ailəsinin son fotoşəkilləri qalır. Eləcə də sudan cansız bədənləri çıxarılmış balaca övladları.
Və bu da son deyil. Əlinin həyat yoldaşı və bir neçə övladı hələ də dəniz sularının dibindən tapılıb-çıxarılmayıb. Bu da onun ölb-dirilməsinə səbəb olan daha bir sonsuz acıdır. İndi Əli əlini qoynuna qoyub uzaqlara. Bir də qarşısında oynayan yunan uşaqlarına baxır. Bəlkə də Suriya ümidsizliyinə tərəf. Vaxtilə kasıb və xoşbəxt həyat sürdüyü, əzizləri ilə bir qarnı ac, bir qarnı tox yaşadığı və hazırda od-alov içində yanıb kül olan məmləkətinə sarı baxan cavan qoca Əli ümidsizlikdən ümidlərə doğru gedərkən hər ikisini itirmiş oldu.
Deyilənlərə görə, Suriyadan qaçaraq Avropada pənah axtaran 3 min insan (!) həyatına son nöqtəsini məhz dənizlərdə qoyub. Bəzən gözləmədiyin qəddarlıq təbiətin ən sülhpərvər və gözəllik rəzmi olan amillərindən gəlir. Əlinin də ailəsini təbiətə əsrarəngiz gözəllik verən dəniz əlindən aldı. Aldı və o, indi Avropada nə edəcəyini bilmir. Bəlkə də Suriyaya gedib orada doğrudan ölmək istəyir. Ən azından yenidən öz ailəsinə qovuşmaqdan ötrü. Axı yaşaya-yaşaya ölüb-dirilmək çox çətindir.