Ombudsman bəyanat yayıb

29 Mart 2016 15:19 (UTC+04:00)

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb. Ombudsman Aparatının mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bəyanatda vurğulanıb ki, ermənilər tərəfindən Azərbaycan xalqına qarşı törədilən qanlı faciələr sırasında 31 mart 1918-ci il tarixli soyqırım hadisələrinin özünün ağır nəticələri ilə seçilir: "1918-ci ilin mart ayından etibarən Bakı Kommunası tərəfindən əksinqilabçılarla mübarizə adı ilə Bakı quberniyasını azərbaycanlılardan təmizləmək məqsədini güdən erməni millətçiləri tərəfindən dinc azərbaycanlı əhali yalnız milli mənsubiyyətinə görə məhv edilmiş, ermənilər insanları diri-diri yandırmış, nadir tarixi abidələr, məktəblər, xəstəxanalar, məscidlər dağıdılıb.

Silahlı erməni-bolşevik birləşmələrinin Bakıda 31 mart və 1-2 aprel tarixlərində törətdiyi qırğınlar kütləvi şəkil alıb, erməni dəstələri günahsız insanları amansızcasına qətlə yetiriblər. Qırğınların davam etdiyi dövrdə ölkə ərazisində yüz minlərlə azərbaycanlı, o cümlədən Bakı və ətraf kəndlərin 30 mindən çox sakini milli mənsubiyyətinə görə qəddarlıqla öldürülüb. Bu zaman ermənilər bir çox qədim binaları, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıdıb, Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə alıb, karvansarada vəhşicəsinə öldürülmüş insanların meyitlərini elə oradaca yandırıblar. Quba qəzasında da qanlı hadisələr eyni müstəvidə cərəyan edib, erməni hərbi dəstələri 122 kəndi yandırıb, günahsız insanları, o cümlədən qadınları və uşaqları qətlə yetiriblər. Lənkəran qəzasında 40-a yaxın kənd dağıdılıb, yüzlərlə günahsız insan öldürülmüş, neçə-neçə ev talan edilib və yandırılıb".

Bəyanatda qeyd olunub ki, bu soyqırımına beynəlxalq miqyasda hələ də hüquqi qiymət verilməyib: "Dünya birliyinə və mötəbər beynəlxalq qurumlara müraciət edərək, Azərbaycana qarşı aparılan uzunmüddətli erməni təcavüzünə, kütləvi şəkildə insan hüquqlarının pozulmasına son qoyulacağına, uzun müddət davam edən bu münaqişənin sülh və danışıqlar yolu ilə aradan qaldırılmasına kömək göstəriləcəyinə əminliyimizi ifadə edirik.

Beynəlxalq təşkilatları ikili standartlara yol vermədən haqlı mövqeyimizi dəstəkləməyə çağırır, ədalətin tezliklə öz yerini tapacağına, insanlığa qarşı törədilən bu qatı cinayətin genosid aktı kimi beynəlxalq hüquqi qiymətini alacağına, cinayətkarların cəzasız qalmayacağına, soyqırımı törətmiş Ermənistana qarşı səlahiyyətli beynəlxalq qurumlar tərəfindən sanksiyaların tətbiq olunacağına, Azərbaycanın ərazi bütövlüyünün, bir milyon qaçqın və məcburi köçkün soydaşımızın kütləvi şəkildə pozulmuş hüquqlarının bərpa ediləcəyinə, əsir və girovların azad olunacağına inanırıq".

Bəyanat BMT-nin baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, Avropa Komissiyasına, Avropa Şurasına, ATƏT-ə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızdakı səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına ünvanlanıb.