Gizli səsyazma məhkəmədə sübut sayıla bilərmi? ARAŞDIRMA

28 Mart 2016 15:28 (UTC+04:00)

Hər kəsin şəxsi və ailə həyatına aid sirri qorumaq hüququ var. Lakin son illər təkcə Azərbaycanda deyil, bütün dünyada istər internet, istərsə də digər vasitələrlə yayılan xəbərlər, gizli səsyazmalar və video çəkilişlər böyük rezonansa səbəb olur. Hətta obyektlərdə gizli kameralar və səsyazma qurğuları quraşdırmaqla istənilən insanla bağlı məlumatlar əldə edib təhdid edənlərə də rast gəlirik. Çox təəssüf ki, belə hallar insanlar arasında inamsızlığa gətirib çıxarır.

Bəs, belə vasitələrdən məhkəmədə sübut kimi istifadə etmək mümkündürmü? Bu cür hallar Azərbaycan qanunvericiliyi ilə necə tənzimlənir? SİA bu sullara cavab tapmağa çalışıb.

"Gizli görüntü çəkmək, səs yazmaq qadağandır"

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə bildirib ki, Azərbaycan qanunvericiliyinə görə, icazəsiz çəkiliş aparmaq qadağan olunur: "Vətəndaşın razılığı olmadan hər hansı çəkiliş etmək olmaz. Amma bəzən insanlar nəyisə sübut etmək üçün səs yazılarından istifadə edirlər. Gizli çəkiliş və ya səsyazma qanunvericilikdə sübut növü kimi qəbul olunmasa da, hər hansı bir inamın yaradılması üçün səs yazısından istifadə etmək olar. Lakin ümumilikdə, bu hal heç bir mədəniyyətə sığmır. Sivil, mədəni dövlətdə yaşayırıq. İnsanın xəbəri olmadan görüntü çəkmək, səsini yazmaq qadağandır. Özünə hörmət edən şəxs bu cür üsullardan istifadə etməməlidir. Əgər kiminsə digər şəxsdən şikayəti varsa, onu hüquq mühafizə orqanları və ya şahidlər əsasında həll edə bilər. Bu baxımdan hesab edirəm ki, qanunla qadağan edilən hərəkətin edilməsi yolverilməzdir. Bundan başqa edilən çəkilişlərdən kütləvi informasiya vasitələri, eyni zamanda şərəf və ləyaqətinin alçaldılması, təhdid üçün istifadə etdikdə cinayət məsuliyyəti yaradır".

"Şəxsi həyata müdaxilə edənləri 3 il həbs cəzası gözləyir"

Hüquq müdafiəçisi Səməd Vəkilov deyib ki, Azərbaycan Respublikasının Konstitusiyasına edilən dəyişikliklərə əsasən səsin gizli şəkildə yazılması şəxsi həyata müdaxilə kimi qiymətləndirilir: "İnsanın özünün razılığı olmadan onun səsini yazmaq şəxsi həyata müdaxilə və cinayətdir. Bu yolverilməzdir. Bəzən məhkəmələr zamanı insanlar bu cür vasitələrdən sübut kimi istifadə etməyə çalışır. Lakin qanun buna imkan vermir. Qanuna əsasən insanlar yalnız öz səslərini yaza bilərlər. Bunun üçün onlara heç bir məhdudiyyət qoyulmur. Hər kəsin şəxsi və ailə həyatının sirrini qorumaq hüququ var. Azərbaycan Respublikası Konstitusiyasının 32-ci maddəsində göstərilən hallardan başqa, şəxsi həyata qarışmaq qadağandır. Qanuna əsasən hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Belə ki, öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Hər kəsin yazışma, telefon danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın sirrini saxlamaq hüququna dövlət təminat verir. Bu hüquq qanunla nəzərdə tutulmuş qaydada cinayətin qarşısını almaqdan və ya cinayət işinin istintaqı zamanı həqiqəti üzə çıxarmaqdan ötrü məhdudlaşdırıla bilər. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, hər kəs onun haqqında toplanmış məlumatlarla tanış ola bilər. Hər kəsin onun barəsində toplanmış və həqiqətə uyğun olmayan, tam olmayan, habelə qanunun tələbləri pozulmaqla əldə edilmiş məlumatların düzəldilməsini və ya çıxarılmasını (ləğv edilməsini) tələb etmək hüququ var. "İnsan Hüquqlarının və əsas Azadlıqların Müdafiəsi Haqqında" Avropa Konvensiyasının da 8-ci maddəsində göstərilib ki, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Sənədə əsasən, milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaşın və ya cinayətin qarşısını almaq üçün sağlamlığı, yaxud mənəviyyatı mühafizə etmək üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, dövlət hakimiyyəti orqanları tərəfindən bu hüququn həyata keçirilməsinə mane olmağa yol verilmir. Bundan əlavə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində şəxsi həyatla bağlı maddə var. Belə ki, Məcəllənin 156-cı maddəsinin 1-ci bəndinə görə, şəxsi və ailə həyatının sirri olan məlumatların, belə məlumatları əks etdirən sənədlərin, video və foto çəkilişi materiallarının, səs yazılarının yayılması, habelə satılması və ya başqasına verilməsi qanunsuz toplanılması 100 manatdan 500 manatadək miqdarda cərimə və ya iki yüz qırx saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri ilə cəzalandırılır. 156-cı maddənin 2-ci bəndinə görə isə, eyni əməllər vəzifəli şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə - 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".

"Normal psixologiyaya malik insan səs yazıları və gizli görüntülərlə digərini təhdid etməz"

Psixoloq Təhminə Çələbi isə deyib ki, daim insanlar tərəfindən aldadılan, xoşagəlməyən hadisələrlə üzləşən insanlar belə addım ata bilərlər: "Texnologiyanın inkişafı insanların daxili dünyasının üzə çıxmasına kömək edir. Gizli səs yazmaqla başqasını təhdid etmək kimi halları hər kəsə şamil etmək olmaz. Lakin daxilində müəyyən şübhələri olan insanlar digərlərinin səsini yazmaqla özlərini müəyyən məsələlərdən sığortaladıqlarını düşünürlər. Bu, psixoloji gərginlikdə irəli gələn məsələlərdir. Bu cür hallar insanların bir-birilərinə olan etibarının azalmasına, səmimiyyətdən uzaqlaşmaya gətirib çıxarır. İnsan qarşısındakı insana güvənmirsə, onunla heç zaman səmimi olmaz bilməz. Belə insan düşünəcək ki, qarşısındakı insan dediklərindən ona qarşı istifadə edə bilər. Bu cür halları inamsızlıq və obsessiv-kompulsiz pozuntular adlandırmaq olar. Bəzən insanlar beynindəki fikirləri təsdiqləmək üçün gizli səs yazılarına və video görüntülərə əl atırlar. Bu, insanın özünə vurğunluğundan da irəli gələ bilər. Daim özünü qorumaq, müdafiə etmək istəyən insanlar da bu cür hallar baş verə bilir. Normal psixologiyaya malik insan səs yazıları və ya gizli görüntülərlə digərini təhdid etməz. Əgər bir insan bu cür davranırsa, demək onun keçmiş və ya indiki həyatında bununla bağlı acı təcrübəsi var. Bu cür insanlara anlayışla, dostcasına, sevgi ilə yanaşılmalı və həmin şəxslərin bu xüsusiyyətlərindən əl çəkmələrinə yardımçı olmaq lazımdır. Çünki, onların köməyə ehtiyacı var. Həyatda inamsız yaşamaq çox çətindir".