Millli kimliyindən imtina facilər yarada bilər

28 Mart 2016 14:33 (UTC+04:00)

Azərbaycan Respublikası müstəqilliyini bərpa etdikdən sonra öz ideoloji yönümünü müəyyənləşdirərkən məhz Azərbaycançılığı özünə milli ideologiya seçib. Bunun əsrin əvvəllərində dövləti ideologiya kimi seçilməsi hazırki dövrdə isə yenidən bu ideologiyaya qayıdış bütün hallarda uğurlu sayılmalıdır. Türkçülük, müasirlik, islam dəyərləri özündə ehtiva edən klassik Azərbyacançılıq ideologiyasının tətbiq edilməsi Azərbaycandan kənarda yaşayan azərbaycanlıların məhz bir etnik-mədəni sferada birləşdirilməsini zəruri edir. Bu mənada azərbaycanlıların daha çox toplum halında yaşadığı Gürcüstan ərazisi daimi milli özünəməxsusluğun qorunması və dağıdılması dilemması qarşısındadır. Etnik mədəni müstəqillik milli özünəməxsusluğun başlıca amilidir.

Tarixçi-etnoqraf Lev Qumiliyovun yanaşmasına görə, etnosun əsas atributu dil ünsürü olması nəzəriyyəsi bütün hallarda özünü doğruldur. Dil mədəniyyətin bütün çalarlarını özündə ehtiva edən və milli mənsubiyyətin bir nömrəli atributudur. Öz dilində danışmadan məhz həmin millətə mənsub olduğunu iddia etmək inandırıcı deyil. Mədəniyyət mütəxəssislərinin yekdil fikrinə görə kim hansı dildə dünyaya göz açırsa ömür boyu həmin dilin mədəni aurasında və təsirində olur. Sonradan müxtəlif dilləri öyrənsə də, həmin fərdi əksəriyyət hallarda öz milli köklərinə və mədəniyyətinə bağlılığından imtina etmir.

Lakin son dönəmdə Gürcüstanda müxtəlif institutlar tərəfindən yetşdirilməkdə olan bir sürü manqurtlaşdırılmış azərbaycanlı gənclər artıq bu sahədə həyəcan təbili çalmağa əsas verir. Manqurtlaşdırılmış gənclik məhz öz dilindən imtina olunmağa sövq edilir. Bu isə həmin projenin böyük ustalıqla hazırlandığına işarə verir. Dünyanın böyük bir coğrafiyasını istisnasız olaraq əhatə dairəsinə alan BMT-nin və digər beynəlxalq institutların onlarla konvensiyaları məhz mədəni müxtəlifliyi özündə ehtiva etməklə həmçinin mədəni müxtəlifliyin qorunmasını dövlətlərin üzərinə öhdəlik olaraq qoyur. Mədəni müxtəlifliyi yaşatmağın ən bariz yolu isə milli dil məsələsidir. Məhz milli dildən imtina halına gətirilmiş gənclik tam manqurtlaşmağa doğru getdiyinin əksini heç kim iddia edə bilməz.

Gürcüstanda fəaliyyət göstərən bir qrup saytlarda Azərbaycan gəncliyi öz dilində təhsil almaq istəməməsi haqqında müraciətlərin tirajlanması Gürcüstan dövlətinin assimliyyasiya maraqları ilə tamamilə çulğalaşır. Mədəni müxtəlifliyi qorumaqla bağlı dövlətin götürdüyü öhdəliklər isə artıq kölgədə qalır. Manqurtlaşmış öz milli kimliyindən, dinindən dilindən soy-kökündən imtina edən sürü halında yetişdirilmiş gənclik bu sahədə aktiv fəaliyyət göstərir. Öz millətinə xor baxmaqla türk kimliyindən imtina edir. Milli natamamalıq kompleksinin formalaşdırılması ilə bağlı aparılmış bir neçə əsrlik davamlı iş artıq "bəhrəsini" verir. Hazırki manqurt nəsil isə informasiya texnologiyaları ilə silahlanmış bir gənclikdir.

Onlar saytlar təsis edir, media quruluşları yaradır, sosial şəbəkələrdə materiallar yerləşdirir və üstəlik, manqurtlaşmaq təbliğatı aparır. Ona görə də, həyəcan təbili çalmaq vaxtı çoxdan keçib. Biz ən azı bu prosesi durdurmalıyıq. Öz milli kimliyindən dinindən-dilində imtina edən manqurtlaşdırma siyasətinin qarşısını almaq məqsədi ilə milli özünüdərk prosesini sürətləndirməliyik.