Ömrünün sonuna qədər babası - Səməd Vurğunun ev-muzeyinin direktoru olmuş, həyatdan vaxtsız köçən Aygün Vəkilovanın xatirəsi anılıb. SİA-nın verdiyi xəbərə görə, anım gününə toplaşanlar əvvəlcə onun məzarını ziyarət edib, üzərinə tər güllər düzüb, mərhumun ruhuna dualar oxuyublar.
Abdulla Şaiqin ev-muzeyinin direktoru Ülkər Talıbova, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, "Məhsəti" jurnalının baş redaktoru, şairə Fəridə Ləman, yazıçı-publisistlər Salatın Əhmədli, Nəzakət Məmmədova, şairə Z.D.Qayalı və digərləri bildiriblər ki, A.Vəkilova təkcə babasının deyil, bütün Azərbaycan ədəbiyyatının təəssübünü çəkən vətənpərvər bir insan idi. O, direktoru olduğu ev-muzeyində elm-mədəniyyət xadimləri ilə görüşlər keçirib, kitab təqdimatları, yaradıcı insanların yubileylərini təşkil edib, ədəbiyyatın, mədəniyyətin inkişafına öz töhfələrini verib.
Bildirilib ki, A.Vəkilovanın xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaq.