Millət vəkili: "Ermənistan bütün regionda təhlükəsizliyi təhdid edir"

18 Mart 2016 13:16 (UTC+04:00)

"Önümüzdəki günlərdə nüvə təhlükəsizliyi ilə bağlı çox böyük tədbir keçiriləcək. Bu ərəfədə Azərbaycanın "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsini qəbul etməsi olduqca önəmlidir". Bu fikirləri "Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Məmmədov Milli Məclisin bu keçirilən plenar iclasında "Nüvə materialının fiziki mühafizəsi haqqında" Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

Deputat qeyd edib ki, bir zamanlar heç kim fikirləşə bilməzdi ki, Azərbaycan da kosmik sənayə ölkəsi olacaq: "Ancaq bu gün bizim qəbul etdiyimiz qanun layihəsi növbəti mərhələdə Azərbaycanının nüvə ehtiyatlarından, resurlarından geniş məqsədlər üçün istifadə etmək siyasətini də müəyyənləşdirəcək. Ona görə, bu qanun layihəsinin qəbulu vacibdir".

H.Məmmədov vurğulayıb ki, Ermənistanın istismar müddəti çoxdan sona çatmış atom elektrik stansiyasının tullatılarını sərhədyanı çaylar vasitəsilə Azərbaycana axıtması və eyni zamanda işğal olunmuş ərazilərdə basdırmasını hər zaman aktuallaşdırıb Milli Məclisin və AŞPA-nın diqqət mərkəzində saxlamaq lazımdır: "Ermənistan Azərbaycanla yanaşı, bütün regionda təhlükəsizliyi təhdid edir. Bizim peyklərimiz var. Onlar vasitəsilə basdırılan nüvə tullantılarının yerini müəyyənləşdirib, konkret faktları beynəlxalq təşkilatların diqqətinə çatdıra bilərik".

Millət vəkilinin sözlərinə görə, Nüvə materialının fiziki mühafizəsi haqqında Konvensiyada bildirilir ki, Azərbaycan sözügedən beynəlxalq sənədə qoşulur, ancaq nəzarəti altında olmayan torpaqlarında bunun yayılması ilə bağlı tədbir görə bilməyəcək: "Bunun özü də bir daha Azərbaycan torpaqlarının işğal altında olmasını beynəlxalq təşkilatların diqqət mərkəzinə çatdırır".

Qeyd edək ki, qanun layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.