Əkbər Qoşalı:“Kosa və Keçəlin tarixi uzaq keçmişə dayanır”

17 Mart 2016 15:01 (UTC+04:00)

"Atatürk" Mərkəzinin şöbə müdiri, şair, publisist Əkbər Qoşalının Novruz bayramının tarixi kökləri ilə bağlı SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

-Əkbər müəllim, Novruz bayramıdır. Bu bayram türk müsəlman dünyası üçün nə deməkdir?

-Bu bayram türk dünyasının bəşəriyyətə töhfəsidir. Novruz bayramı əsrlərin o tayından gələn hadisədir. Bizim əcdadlarımız hələ Peyğəmbərlərin zamanından öncə göy cisimlərinin hərəkətinə, təbiətin oyanışına əsasən, gələcəkdə baş verəcəkləri anlaya bilirdilər. Bu, kosmik informasiyaya malik olmağın təzahürü idi. Bütün bunlar bizim kökümüzün qədimliyindən xəbər verir. Xristian aləmi İsa Peyğəmbərin mövludunu qeyd edib, eranın başlanğıcını da həmin hadisəyə əsasən hesabladığı halda, bizim tarixi başlanğıcımız Peyğəmbərlərin dövründən də qədimdir. Buna görə də, biz təqvimin dəyişməsini məhz Tanrının təqdiri kimi qiymətləndirmişik və qış fəslindən yaza keçidi qeyd etmişik. Bu, insanların həyat tərzindən qaynaqlanıb.

-Novruz bayramı bütün türk müsəlman dünyasında qeyd olunsa da, bəzi xalqlar bunu özününkiləşdirməyə çalışır. Əslində, bu bayramın Azərbaycan xalqına məxsus olduğunu demək doğrudur?

-Bunu sübut edən bir çox versiyalar var. Əsatirə görə, bizim ulu babalarımız təbiət hadisələri ilə və başqa xalqlarla yaşanan problemlərlə əlaqədar olaraq, iki dağ arasında yaşam qurublar. Beləcə, nəsil artırmağa, ərazilərini daha da genişləndirməyə başlayıblar. Onlara yol göstərən bozqurdun köməkliyi ilə geniş dünyaya addım ataraq, həmin günü bayram kimi qeyd ediblər. Bu, Novruzun bizim bayram olmasını təsdiqləyir. Bizimlə qonşu olan tacik, farslar və digər xalqlarla qurduğumuz mədəni əlaqələrin nəticəsində isə zamanla bayramın ünsürləri mənimsənilib. Bunu da təbii qəbul etmək lazımdır.

-Bəzi ekspertlər iddia edirlər ki, Novruzun atributu olan Kosa və Keçəlin xristian dünyasında qeyd olunan Yeni il bayramındakı Şaxta baba ilə fərqi ondadır ki, Şaxta baba sovqat payladığı halda, Kosa və Keçəl əl açırlar. Bu da təbii olaraq, tənqid hədəfinə çevrilir. Bununla bağlı nə deyə bilərsiz?

-Bunlar tamamilə, fərqli hadisələrdir. Əslində, xristianların qeyd etdiyi Yeni il bayramının rəmzlərinin də tarixi köklərini araşdırsaq, bunun bizim keçmişimizlə əlaqədar olduğu ortaya çıxar. Çünki, bildiyiniz kimi, dini tariximizə əsasən, biz xristianlıq, atəşpərəstlik, şamanizm və bu kimi digər dinlərin təsiri altında olmuşuq. O ki, qaldı, dediyiniz müqayisəyə, Kosa və Keçəlin yığdığı və Şaxta babanın payladığı sovqatın hər ikisi onsuz xalqa məxsusdur. Novruz atributlarının topladığı sovqat xalqın müdafiəsiz təbəqəsinə yardım məqsədi daşıyır. Şaxta baba və Qar qızın payladığı bayram hədiyyələri isə daha çox uşaqlara şamil olunur. Bu ritual da əslində, sovetlər dönəmində ortaya çıxıb. Kosa və Keçəl rəmzlərinin tarixi isə uzaq keçmişə dayanır.

-İddia olunur ki, əvvəlki illərlə müqayisədə gecə ilə gündüzün bərabərləşməsi martın 21-də deyil, fərqli bir gündə olacaq. Belə bir ehtimal var?

-Əslində, Milli Elmlər Akademiyasının və Şamaxı Astrofizika Rəsədxanasının bununla bağlı verdiyi açıqlama haqqında məlumatım yoxdur. Ancaq bu hadisənin martın 21-dən 22-nə keçən gecə baş verməsi hələ əcdadlarımızdan günümüzə gələn tarixdir. Bununla bağlı, müəyyən gün dəyişikliyinin olması mümkündür.

Kubra Bayramova