Ankara terrorunun əsl günahkarı kimdir? RƏY

14 Mart 2016 15:52 (UTC+04:00)

"Ankarada son 5 ayda törədilən 3-cü terror hadisəsi sıradan bir faciə olaraq qiymətləndirilə bilməz. Türkiyə birbaşa öz paytaxtında vurulur. Bu işi kim törədib sualı aktual olmaqla bərabər, olduqca spekulativdir. Çünki ehtimal olaraq bunun arxasında PKK ola biləcəyi kimi FSB yaxud CİA də ola bilər. Ona görə ki, hər üçünün motivləri mövcuddur". Bu fikirləri SİA-ya politoloq Fərhad Mehdiyev Ankarada baş verən terror hadisəsini şərh edərkən deyib.

Politoloq hadisə ilə bağlı istintaq aparan şəxslərin əldə edəcəyi sübutlara görə daha dəqiq qərar verəcəklərini qeyd edərək bildirib ki, hadisənin kim tərəfindən törədilməsindən asılı olmayaraq ortada bir fakt var ki, həm türk polisi, həm bə MİT öz işini yerinə yetirə bilmir: "11 Martda ABŞ səfirliyi öz vətəndaşlarını internetdə xəbərdar edir ki, Ankarada hökumət dairələrinə yaxın getməsinlər, amma türk istihbaratı terror aktının qabağını ala bilmir. Türkiyədə hal-hazırda ciddi təhlükəsizlik problemi var və istənilən terror hadisəsi asanlıqla həyata keçirilə bilir. Birincisi ona görə ki, ölkədə 2 milyondan çox nəzarətsiz kütlə var. İkincisi isə küçələri və insanları tanıyan polis Türkiyədə yoxdur. "Paralel yapını" çökərtmə adı ilə, şübhəli görülən 20.000-dən çox polis ya işdən çıxarıldı ya da passiv vəzifələrə göndərildi, yerlərinə isə sözün həqiqi mənasında qeyri-peşəkar insanları siyasi motivlərlə yerləşdirdilər. Polisin özünün kəşfiyyat xidməti vardı amma 17-25 Dekabr hadisələrində onlar da buraxıldı".

Fərhad Mehdiyev əlavə edib ki, Türkiyə hökuməti dərhal hadisə haqqında yayın yasağı gətirdi: "Əslində hadisə olub-bitəndən sonra belə bir qadağa absurd görsənir. Bununla hökümət insanların hadisə haqqında fikir yürütməsini istəmir. Çünki hüquq-mühafizə orqanlarının ehmalkarlığı ortadadır. Hadisənin kimin tərəfindən törədilməsinə dair bunları yenə də qeyd edə bilərik. PKK burada əsas şübhəli olaraq görülə bilər, hər halda təhlükəsizlik kameraları, DNA testləri ilə müəyyən ipucları tapmak mümkündür. İndiki mərhələdə təhlükəsizlik tədbirlərini gücləndirməkdən başqa çarə yoxdur. Hökumət Güneydoğuda apardığı təmizləmə əməliyyatlarına davam etməlidir. Lakin Suriya məsələsində də Əsədlə danışığa getməyin zərurətini anlamalıdır".