Mərc oyunları uşaqların həyatını məhv edə bilər ARAŞDIRMA

14 Mart 2016 12:04 (UTC+04:00)

Azərbaycanda mərc oyunları qanuni olmayan zamanlar bu sahədə böyük qara bazar formalaşmışdı. Qeyri-qanuni məntəqələr (kantorlar) yalnız müəyyən şəxslərin varlanmasına xidmət edirdi. Onlar nə vergi verir, nə də digər üsullarla dövlətə fayda verirdilər. Onlarla insan belə mərc oyunlarında uduzduqları üçün intihar ediblər. Heç bir qayda-qanun yox idi. İstənilən şəxs bu mərc oyunlarından istifadə edə bilərdi.

Sonra isə qanuni mərc oyunları yaradıldı və dövlət tərəfindən dəstəkləndi. "Topaz" şirkəti öncə məntəqələr (agentlər) vasitəsi ilə fəaliyyət göstərsə də, daha sonra bu oyunların internet xidməti də yaradıldı (Etopaz.az). Yəni hazırda insanlar müxtəlif mərc oyunlarını həm məntəqələrdə, həm də "online" şəkildə oynaya bilirlər. Bu şirkət dövlətə də kifayət qədər ciddi məbləğdə vergi ödəyir, gəlirlərin bir hissəsi isə idmanın və infrastrukturun inkişafına xərclənir.

Bir neçə gün öncə Milli Məclisdə "Bədən tərbiyəsi və idman haqqında" qanuna dəyişiklik edildi və mərc oyunlarına nəzarət Maliyyə Bazarlarına Nəzarət Palatasına verildi. Öncələr isə sözügedən funksiyanı Gənclər və İdman Nazirliyi yerinə yetirirdi.

Ancaq belə mərc oyunlarından kiçik yaşlı uşaqların istifadə etməsi böyük fəsadlara gətirib çıxarır. Qanuni şəkildə 18 yaşdan kiçiklər mərc oyunlarından istifadə edə bilməzlər. Bu barədə "Topaz" şirkətinin əsasnaməsində də müvafiq maddə yer alıb və nəzarət mexanizmi yaradılıb. Bütün bunlara baxmayaraq, yenə də azyaşlıların mərc oyunlarından istifadəsinin qarşısını almaq olmur. Bununla bağlı Milli Məclisin iclaslarında da bir çox millət vəkilləri məsələ qaldırıb, nəzarət mexanizminin gücləndirilməsini təklif ediblər.

Mövzu ilə bağlı bir neçə mütəxəssislə söhbətləşdik:

"İctimai nəzarət əsas amillərdəndir"

Milli Məclisin Gənclər və idman komitəsinin üzvü Ülvi Quliyev:

- Bu məsələdə nəzarət güclü olmalıdır. "Topaz" məntəqələrində bu işə nəzarət edən insanlar fəaliyyət göstəməlidirlər ki, qanunun bütün maddələrinə riayət edilsin, kiçik yaşlı uşaqlar mərc oyunlarından istifadə etməsinlər. Bu məsələlərdə ictimai nəzarət də əsas amillərdəndir. Sözügedən işlərdən sui-istifadə edən insanlar da var. Onlar şəxsi maraqlarına görə belə hərkətlərə yol verirlər.

Yalnız bu məsələdə deyil, bütün məsələlərdə qanunların icrası ilə bağlı ictimai nəzarətin olması vacibdir. Bundan sui-istifadə edilməsinin qarşısı alınmalıdır. Bunların hamısı intizam faktoru ilə bağlıdır. Doğurdan da, insanlar biraz ədalətli, nizam-intizamlı, istənilən bir sahədə məsuliyyətli olanda əyriliklərin aradan qaldırılmasına xeyli köməklik etmiş olurlar.

Məsələn, inkişaf etmiş ölkəklərdən Almaniya, Yaponiya və digərləri niyə hər bir sahədə irəli gedir? Çünki, onlarda məsuliyyət, nizam-intizam daha çoxdur. Qanunlara riayət edirlər.

Mərc oyunlarında kiçik yaşlı uşaqlar iştirak etdiyi təqdirdə, həmin məntəqənin sahibi qanunla məsuliyyət daşıdığı üçün cəzalandırılmalıdır. Bu cəzalar daha da sərtləşdirilməli, nəzarət gücləndirilməlidir.

"Qumar və riskli oyunların verdiyi adrenalin nəticəsində xoşbəxt olurlar"

Psixoloq Elnarə Eminova:

- Psixoanalizin banisi Ziqmut Freyd psixologiyada iki hiss irəli sürüb. Bunlar Eros və Tanatos adlandırılır. Hər fərddə bu hisslərdən biri cəmləşib. Eros yaşam həvəsinin yüksək olması, Tanatos hissi isə riskə meyilliyin göstəricisidir. Eros hissi çox olan insanlar daha artıq yaşama istəyir, riskdən, azart oyunlardan, sui-qəsdlərdən, pis vərdişlərdən, bir sözlə həyati təhlükə yaradan, riskə doğru aparan məqamlardan uzaq olurlar. Çünki onlar yaşamaq, sağlam fəaliyyət göstərməyə daha çox üstünlük verən insanlardır.

Tanatos hissi yüksək olan insanlar isə yaşından asılı olmayaraq, riskli oyun sayılan qumarlara meyilli olurlar. Bu, onlardan asılı olmur. Çünki oynadıqları qumar və riskli oyunların onlara verdiyi adrenalin nəticəsində bir neçə həftə ərzində xoşbəxt olur, evdə olan problemlərdən uzaqlaşırlar. Bunun da başlıca səbəbi ailəyə söykənir.

Mərc oyunlarına meyl göstərən fərdlər arasında son zamanlar yeniyetmələrin sayı artmaqdadır. Əgər bir ailədə alyans pozulubsa, şəxsiyyətlərarası münasibət korlanıbsa, uşaq bu səbəbdən valideyn diqqətindən, qayğısından uzaqdırsa, bu cür yeniyetmələr onların diqqətini cəlb etmək üçün riskli oyunlara və addımlara əl atacaqlar. Özlərini özlərini sanki şəxsiyyət kimi valideynlərinə sübut etmək istəyirlər. Onlar mən də varam prinsipini irəli sürürlər. Bu səbəbdən valideynlər uşaqlarına istənilən zaman vaxt ayırmalı və ən əsası onları sevgidən məhrum etməməlidirlər. Valideynlər evdə yaranan söz-söhbətdən övladlarını yayındırmalıdırlar. Çünki bu, birbaşa onlarda psixoloji problemlər yaradır.

"Lap əvvəllərdən mərc oyunlarının adı qumardır"

AMEA-nın Fəlsəfə və Hüquq İnstitunun əməkdaşı, sosioloq, professor Əhməd Qəşəmoğlu:

- Dəfələrlə mərc oyunlarının oynanıldığı zalların qarşısından keçəndə diqqət etmişəm və görmüşəm ki, bu zallarda yaşı 18 dən aşağı olan xeyli məktəbli olur. Əslinə qalsa, lap əvvəllərdən mərc oyunlarının adı qumardır. Qumar oyunları isə, həm İslamda haram sayılır, həm də elmi olaraq məlumdur ki, şəxsiyyətin aşınmasına ciddi təsir edir. Tarix də göstərir ki, qumar oyunu hər kəsin həyatında xeyli sosial-psixoloji problemlər yaradır. SSRİ dövründə belə oyunlar narkotika kimi qadağan olunmuşdu.

Belə oyunların keçirildiyi zallara gedən məktəblilərin halını özünüz təsəvvür edin. Onların tək özləri mənəvi aşınmaya məruz qalmır, həm də oxuduqları məktəbdə qeyri-sağlam mühit yaranmasına təsir edirlər. Həmin uşaqları belə zallara şirnikləndirənlərin, belə zalları işlədənlərin marağı pul qazanmaqdır.

Bu sahədə polis nəzarəti gücləndirilməlidir. Bələdiyyələr də, din xadimləri də kömək etməlidirlər. Eyni zamanda, ictimai, məktəb nəzarəti də mühüm rol oynayır. KİV bu məsələyə diqqəti artırsa, daha yaxşı olar.

"Agentlər qaydanın pozulmasına görə məsuliyyət daşıyırlar"

SİA-nın "Topaz" şirkətinə göndərdiyi rəsmi sorğunun cavabı:

- Agentlər 18 yaşına çatmayan şəxslərin mərc oyunlarında iştirak etmələrinin və uduş almalarının qarşısını almalıdır. Onlar bu qaydanın pozulmasına görə məsuliyyət daşıyırlar. Agent mərc oyunlarının nüfuzuna xələl gətirəcək fəaliyyət göstərdikdə, cəmiyyət tərəfindən verilən təlimat və qaydalara riayət etmədikdə müqaviləyə xitam verilir.

Məntəqələrdə 18 yaş qaydalarına əməl edilməsi üçün kamera quraşdırılıb. Polisdən və ya dövlət qurumlarından bununla bağlı şikayət daxil olduqda kamera görüntüləri tələb edilir və incələnir. Şikayət təsdiqini tapsa, dərhal qeyd şərtsiz agentin fəaliyyətinə birtərəfli qaydada xitam verilir.

Sahə idarəediciləri buna daima nəzarət edir, eyni zamanda agentlərə və çalışanlarına qaydalara əməl etməyi tapşırır.

Bununla bağlı xəbərdaredici reklamlar ve posterler hazırlanıb, məntəqələrdə asılır və nümayiş etdirilir.

Hər bir vətəndaş bu sahədə diqqətli olmalıdır...

Hər bir vətəndaş ölkəmizin daha da inkişafı üçün ilk növbədə gələcəyimiz olan uşaqlara qayğı göstərməli, onları yalnız düzgün yola yönləndirməlidir. Uşaqların məktəbdə təhsil alıb, şəxsiyyət kimi yetişmələri gərəkdiyi halda, onların mərc oyunları məntəqələrində olmaları böyük təhlükədir. Bütün nəzarət mexanizmlərindən başqa, belə halların qarşısını almaq hər bir vətəndaşın borcudur.