78 yaşlı yazıçı Anar üçün özəl gün FOTOLAR

14 Mart 2016 11:23 (UTC+04:00)

Bu gün Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri Anarın doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Anar Rəsul oğlu Rzayev 14 mart 1938-ci ildə Bakıda anadan olub. O, 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olub və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirib. Birinci sinifdən onuncu sinfə qədər Zemfira Səfərovayla bir yerdə oxuyublar.

1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə, Zemfira isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olsa da, yolları ayrılmayıb, nəhayət, ailə qurublar.

Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır. Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin işçisidir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.

Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilib. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri təyin olunub.

Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilib. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olub. Bu komissiyanın mədəniyyət, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilib.

1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olub.

Anarın müxtəlif ölkələrdə nəşr olunan kitablarının ümumi sayı 50-dən artıqdır.

Azərbaycan da daxil olmaqla, dünyanın bir sıra nüfuzlu teatrlarının səhnələrində yazıçının pyesləri tamaşaya qoyulub. "Şəhərin yay günləri", "Adamın adamı" (bu pyesin quruluşçu rejissoru da Anarın özüdür), "Səhra yuxuları", "Sizi deyib gəlmişəm", "Təhminə və Zaur", "Keçən ilin son gecəsi", "Qaravəlli" tamaşaya qoyulmuşdur. "Şəhərin yay günləri", "Adamın adamı", "Təhminə və Zaur" kimi əsərləri bu gün də oxucular tərəfindən rəğbətlə qarşılanır. "Dədə Qorqud" dastanından bəhs edilən filmə yazdığı ssenarisi illər ötməsinə baxmayaraq, hələ də öz aktuallığını qorumaqdadır. Onlarla filmə ssenari yazan, "Dantenin yubileyi" filminin, habelə iki hissəli "Üzeyir ömrü" və "Qəm pəncərəsi" filmlərinin quruluşçu rejissoru Anar özüdür.

Qeyd edək ki, Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk sədri seçilib.

Kubra Bayramova