"Əli Kərimli bu günə kimi kimlərə qarşı təhqir, böhtan, şantaj kampaniyası aparmayıb ki? Bu adam komsomolun katibi olanda da, 1992-93-cü illərdə Əbülfəz Elçibəy hakimiyyəti dövründə də açıq və ya gizli şəkildə insanları təhqir etməklə məşğul olub. Əli Kərimliyə ən yüksək etimad göstərən Əbülfəz Elçibəyə etdiyi xəyanətlər heç vaxt tarixdən silinməyəcək". Bu fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı deyib.

BAXCP rəsmisi bildirib ki, illər keçsə də Əli Kərimli tarixdə Əbülfəz Elçibəyə xəyanət etmiş şəxs kimi qalacaq: "Məmməd Əmin Rəsulzadəyə xəyanət etmiş Nəsrulla Səfərbəyovla Əli Kərimlinin heç bir fərqi yoxdur. Sosial şəbəkədəki fəaliyyətinə gəldikdə isə, bəli, Əli Kərimli öz keçmiş ənənəsinə sadiqdir. Kim onun kimi düşünmürsə, kim onu qəbul etmirsə, kim onu tənqid edirsə, bütün fəaliyyətini həmin adamı təhqir etməyə yönəldir. Aykaoff, Günka, Lala Bakinic və sair saxta profillərlə həmin şəxsə qarşı sosial şəbəkədə "hücum" təşkil edir. Bu, bir daha onu göstərir ki, bu adam hələ də komsomol təfəkküründən əl çəkə bilmir. Özünün yaşı artsa da, dünyagörüşü cığal uşaq düşüncəsindədir. Bütün gününü komputerin arxasında keçirən Əli Kərimlinin başqa bir işi yoxdur. Boş-bekar adamdır, başını belə işlərlə qatır və düşünür ki, guya siyasətlə məşğuldur. Öz liderinə, dostlarına, yaxın silahdaşlarına xəyanət edən Əli Kərimlinin əsl sifətini hamı yaxşı tanıyır".