"SkyNews" telekanalı "İslam Dövləti" terror təşkilatının tərkibində döyüşən 22 min terrorçunun siyahısını əldə etdiyini bəyan edib. SİA adıçəkilən media orqanına istinadən xəbər verir ki, telekanalın müxbiri hər bir terrorçu haqqında müfəssəl məlumatların olduğunu bildirib. Belə ki, "İslam Dövləti"nə məxsus terrorçuların ünvanları, telefon nömrələri, eləcə də ailələri haqqında informasiyalar əldə edilən məlumatlar sırasındadır. "Cihadçıların" əksəriyyətinin Qərbi Avropadan və ABŞ-dan olduğu bildirilməklə yanaşı, ümumilikdə 51 ölkə vətəndaşının adı sözügedən siyahıda yer alır.
Eyni zamanda, mövcud telefon nömrələrinin əksəriyyəti işlək vəziyyəətdədir. Ehtimal olunur ki, həmin nömrələri ya terrorçular, ya da onların ailə üzvləri işlədir.
Maraqlı məqam isə budur ki, elektron sənədləri məhz "İslam Dövləti"ndə döyüşmüş, lakin sonradan qaçmış Abu Əhməd adlı şəxs oğurlayaraq, "SkyNews" telekanalına ötürüb. O, etiraf edib ki, terror təşkilatına üzv olmamışdan öncə, müxalifətə məxsus "Azad Suriya Ordusu"nda döyüşüb. Abu Əhməd təşkilatdan uzaqlaşmasına səbəb kimi "İslam Dövləti"ndə İslama aid qayda-qanunlara əməl olunmadığını göstərib. Ona sual edildikdə ki, mövcud sənədlər vasitəsilə terrirşulara qalib gəlmək mümkündürmü, o cavab verib ki, "Hər şey Allahın əlindədir". Sabiq "İslam Dövləti" təşkilatı üzvünün "SkyNews" telekanalının müxbiri ilə görüşü Türkiyədə baş tutub. Müstəqil ekspertlər sənədlərin gerçək olması barədə hələlik heç bir fikir bildirməyiblər.
Rövşən Nurəddinoğlu