Konqreslər Bürosu növbəti təlimini başa vurdu FOTOLAR

9 Mart 2016 17:58 (UTC+04:00)

Dövlət və özəl sektorun əməkdaşlığı əsasında yaradılan və Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi nəzdində fəaliyyət göstərən Azərbaycan Konqreslər Bürosu növbəti dəfə öz tərəfdaşları üçün təlim təşkil edib. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, əsas məqsədi ölkəyə beynəlxalq sərmayələri cəlb etməklə Azərbaycanı dünyanın misilsiz görüşlər məkanına çevirmək olan Azərbaycan Konqreslər Bürosu 2016-ci il üçün nəzərdə tutulan ikinci təlimini təşkil edib.

Sərgilərdə iştirakın səmərəliyinin artırılması yolları üzərində qurulan bu təlim büronun icraçı direktoru cənab Florian Sengstschmid tərəfindən aparılıb. Təlimdə Büro üzvlüyündə olan mehmanxana və məkanın idarə olunması üzrə ixtisaslaşan şirkətlərin 30-dan artıq peşəkar nümayəndəsi iştirak edib.

Nəzərə çatdırmaq vacibdir ki, belə təlimlərin keçirilməsi yerli turizm şirkətləri və mehmanxanaların işinin yaxşılaşdırılması, turistlərin sayının artırılması və bunun sayəsində də gəlirlərin artırılması üçün olduqca əhəmiyyətlidir.

Təlimdə müzakirələr əsasən, ixtisaslaşmış ticarət sərgiləri, belə sərgilərin əhəmiyyəti, marketinq üsulları, ticarət sərgiləri zamanı, ondan əvvəl və sonra atılacaq addımlar kimi mövzuları əhatə edib. Bundan başqa iştirakçılar effektiv təqdimatın hazırlanması və sərgilərdə iştirakın daha faydalı olması üçün gərəkli olan fəaliyyət və üsulları nəzərdən keçirib.

Azərbaycan Konqreslər Bürosu aktiv şəkildə öz üzvləri ilə birgə Görüşlər Sənayesi tədbirlərində iştirak edir. Bunu nəzərə alaraq, bu sahədə çalışan şirkətlərə gələcək tədbirlərdə istifadə edə biləcəkləri nəzəri və praktiki məsləhətlər vermək olduqca gərəklidir.

Qeyd edək ki, tədbir zamanı, iştirakçılar geniş fikir mübadiləsi edib və sərgilərdə Azərbaycan stendinin daha da maraqlı, gözəgəlimli tərtib olunması və turizm məkanı olaraq,ölkəmiz haqqında daha dolğun informasiyanın təqdim olunması istiqamətində öz fikirlərini Büro ilə bölüşüb.