Milli Məclisin deputatı Qənirə Paşayevanın Anadolu Universitetində Qarabağ Mərkəzi təklifi universitet rəhbərliyi tərəfindən dəstəklənib. SİA-nın məlumatına görə, Əskişəhərdə Qarabağ problemi ilə bağlı konfrans verməyə gedən millət vəkili Qənirə Paşayeva Anadolu Universitetinin rektoru, professor Naci Gündoğan ilə görüşüb.
Millət vəkili iki qardaş ölkə olan Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə daha da genişlənməsindən məmnunluğunu ifadə edib.
Q.Paşayeva Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın getdikcə daha da genişlənməsinin vacibliyini qeyd edib və Türkiyənin ən böyük universiteti olan və dünyanın bir çox ölkələrində fəaliyyət göstərən Anadolu Universitetinin Azərbaycanla əməkdaşlığının daha da genişlənməsindən məmnunluğunu ifadə edib.
Tərəflər Azərbaycan ilə Türkiyə arasında bütün sahələrdə, o cümlədən təhsil sahəsində əlaqələrin getdikcə genişlənməsindən, Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğuqlarını, Universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması üçün çalışdıqlarını, tələbələrin burada təhsil almaları üçün hər cür şəraitin yaradıldığını qeyd ediblər.
Azərbaycanın bütün istiqamətlərdə getdikcə daha da inkişaf etməsindən sevindiklərini bildirən rektor Azərbaycan və Türkiyənin ümummilli lider H.Əliyevin dediyi kimi "bir millət, iki dövlət" olduğunu vurğulayan rektor H.Əliyevin 90 illiyi yubileyi ərəfəsində Eskişehirde Anadolu Universitetində Türk dünyasının böyük lideri H.Əliyevin adını daşıyacaq bilim və araşdırma mərkəzinin açıldığını və insanların, gənclərin istifadəsinə verildiyini vurğulayıb.
Millət vəkili, Universitetin rektoru professor Naci GündoğanaAzərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı Soyqırımı ilə bağlı geniş məlumatlar verib, bu istiqamətdə fikir mübadiləsi aparılıb.
Deputat Universitetdə Qarabağ mərkəzinin açılması təklifi ilə çıxış edib. O bildirib ki, belə bir mərkəzin olması Türk kökənli gənclərimiz üçün də, burada təhsil alan xarici tələbələrə həqiqətlərimizin daha geniş və doğru çatdırılması üçün də çox önəmlidir.
Millət vəkili Qənirə Paşayeva mərkəz üçün lazım olan kitab, material, sənədli filmlərin rəhbərlik etdiyi Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB tərəfindən Universitetə hədiyyə ediləcəyini də deyərək Qarabağ mərkəzinin vacibliyi və əhəmiyyəti barədə geniş fikir mübadiləsi aparıb.
Universitet rektoru professor Naci Gündoğan təklifi dəstəkləyib və bu məsələyə baxılacağını bildirib.