Yapon sularında batan Osmanlı savaş gəmisinin qəmli hekayəsi

3 Mart 2016 11:07 (UTC+04:00)

Nizami Kino Mərkəzində Yaponiyanın və Türkiyənin Azərbaycandakı səfirliklərinin birgə təşkilatçılığı ilə "Ertuğrul 1890" filminin təqdimat mərasimi baş tutub. SİA-nın verdiyi xəbərə görə, iki dövlətin müştərək istehsalı olan film 2015-ci ildə tarixi dram janrında çəkilib.

Film Yaponiya və Türkiyə əlaqələrinin daha da möhkəmlənməsində böyük rol oynayan iki gerçək tarixi hadisədən bəhs edir. Belə ki, filmin süjet xəttini 1890-cı ildə yapon sularında batan Osmanlı savaş gəmisi "Ertuğrul"un qəmli hekayəsi və yaponların gəmi heyətini qurtarmaq səyləri, eyni zamanda, 1985-ci ildə Səddam Hüseynin təhdidi ilə Tehranda çarəsiz qalan 215 yapon vətəndaşının Turqut Özalın təlimatı nəticəsində Türk Hava Yolları tərəfindən İran-İraq müharibəsindən qurtarılması təşkil edir.

Gecədə Türkiyənin Azərbaycandakı səfirinin müşaviri, xanım Meral Barlas filmin çəkilmə səbəblərindən danışıb. İki ölkə arasında mədəni sahədəki əlaqələrin inkişafına toxunan M.Barlas Türkiyə tarixində böyük faciələrdən sayılan belə bir hadisənin ekranlaşdırılmasından məmnunluğunu ifadə edib.

Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxışında ekran əsərinin iki ölkə arasında dostluq əlaqələri ilə yanaşı, həm də həqiqətlərə əsaslanan bəşəri dram olduğunu bildirib. Diplomat belə ekran əsərlərinin xalqları daha da bir-birinə yaxınlaşdıracağını söyləyib.

Qeyd edək ki, filmin rejissoru Mitsutoshi Tanakandır. Ekran əsərində rolları Kenan Ece, Shioli Kutsuna, Seiyo Uchino, Alican Yücesoy, Uğur Polat, Mehmet Özgür, Tamer Levent, Melis Babadağ, Murat Serezli, Deniz Oral, Naoto Takenaka, Hakkı Haluk Cömert ifa ediblər.