Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Şamaxı rayonuna və Şamaxı Astrofizika Rəsədxanasına martın 3-4-də turizm şirkətləri nümayəndələri üçün infotur keçiriləcək. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə, il ərzində bir neçə yeni turizm və nümayiş obyektlərinə infoturların təşkili, regionlarda yeni turizm məhsullarının və marşrutların yaradılması planlaşdırılıb.
Bununla əlaqədar, 30 nəfərdən ibarət daxili və gəlmə turizm üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri üçün Azərbaycan Milli Elmlər Akademiyası N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında infotur keçiriləcək.
Rəsədxanada astro-turizmin təşkili ilə bağlı açıq kosmos gecələrinin nümayişi, astronomiya muzeyinə baxış, teleskoplarda kosmik obyektlərə müşahidələrin aparılması, həmçinin, rəsədxananın müvafiq turizm infrastrukturu və xidmətləri ilə tanışlıq nəzərdə tutulub.
Qeyd edək ki, infotur çərçivəsində Şamaxının turizm və nümayiş obyektlərinə səfərlərin təşkili, həmçinin, "Şimal-qərb bölgəsinin əfsanələri mədəni turizm marşrutu"nun təqdimatının keçirilməsi də planlaşdırılır.