Konstitusiya Məhkəməsi müəyyən kateqoriyalı vətəndaşların əmək hüquqlarının müdafiəsi ilə bağlı müvafiq qərar qəbul edib. Həmin maddənin 1-ci hissəsinə görə hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin, yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərə qarşı işəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsi qadağan edilir.
Qərarın əhəmiyyəti ilə bağlı SİA-ya açıqlama verən millət vəkili Kamilə Əliyeva bildirib ki, sözügedən qərarın verilməsi bu kateqoriyaya daxil olan vətəndaşlara stimul verəcək: "Əvvəlki qərarda ailədə körpə və ya valideyn nəvazişinə ehtiyacı olan uşaqlar olsa belə həmin şəxslər işdən azad oluna bilərdi. Lakin yeni qərara görə, bu kateqoriyaya daxil olanların işdən azad edilməsinin ləğvi düşünürəm ki yerində verilmiş qərardır. Bu addım düşünürəm ki, həm ailə, həm də orada böyüyən uşaq üçün mühüm sayıla bilər. Hər bir uşağın ən çətin dövrü elə 3 yaşına qədərdir. Çünki bu dövrə qədər uşaqların qidalanmasına və onların tələbatlarının ödənilməsi xüsusi diqqət yetirilir. Bu baxımdan yeni qərar valideynlər üçün qarant rolunu oynaya bilər".
Yeni qərarın həmin kateqoriyada olan insanlarda arxayınçılıq yaratması məsələsinə gəlincə K. Əliyevə söyləyib ki, hər bir savadlı və düşüncəli insan üçün iş çox vacibdir: "Müasir dövrdə insanlar işini qorumaq həvəsi ilə yaşayır. Çünki hazırkı dövrdə işləmək hər birimiz üçün vacib amillərdən sayılır. Bu baxımdan düşünmürəm ki, hər hansı şəxs ona edilən güzəştlərdən öz əksi üçün istifadə etsin. Düşünürəm ki, bu addım valideynlər üçün yeni bir stimul olacaq və həmin şəxslər işlərinə daha məsuliyyətlə yanaşacaqlar".
Millət vəkili qeyd edib ki, sözügedən məsələ digər işçilər arasında narazılıq yaratmamalıdır: "Əksinə körpəsi olan valideynlərə qarşı daha anlayışlı olmaq lazımdır. Çünki 3 yaş kateqoriyası uşaqların valideynə daha çox ehtiyacı olduğu bir dövrdür. Həmin dövrdə valideynin işdən azad edilməsi onlara psixoloji təsir göstərə bilər. Elə uşaqlar var ki, onlar 3 yaşına qədər ana südü ilə qidalanır.
Belə olan halda, valideynin psixoloji sarsıntısı ana südü vasitəsilə uşağa keçər və bu, körpənin psixologiyasını və onların gələcək inkişafını zədələyər. Bu addım dövlət tərəfindən həmin valideynlərə edilən imtiyaz kimi qəbul edilməlidir".