“Suriyanın əvvəlki ərazilər çərçivəsində vahid dövlət olması qeyri-mümkündür” AÇIQLAMA

29 Fevral 2016 15:07 (UTC+04:00)

"Suriyada atəşkəsə nail olunması ilə bağlı Rusiya-ABŞ razılaşması hər şeydən öncə ABŞ-a lazım idi". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu deyib.

Politoloq bildirib ki, Rusiya hərbi kosmik qüvvələrinin dəstəyi ilə hökumət hərbi qüvvələri son dövrlər kifayət qədər fəallaşaraq bir sıra strateji əraziləri nəzarətə götürmüşdülər: "ABŞ-ın dəstəklədiyi müxalif qüvvələrin ərazilər itirməsi onun mövqelərinin regionda əhəmiyyətli dərəcədə zəifləməsinə gətirib çıxara bilərdi. Bu baxımdan, ABŞ tərəfi belə razılaşmanın əldə olunmasında daha maraqlı görünürdü. Bunu razılaşmanın şərtlərinə əməl olunmayacağı təqdirdə ABŞ-ın "B" planını işə salacağı ilə hədələməsi də sübut edir".

Onun sözlərinə görə, əldə olunmuş razılaşma hər şeydən öncə Əsəd qüvvələrinin əlavə əraziləri nəzarət altına götürməsinin qarşısını aldı: "Təbii ki, burada müxalifətin nəzarətində olan ərazilərdən söhbət gedir. İŞİD və Ən-Nüsrəyə qarşı əməliyyatların isə davam etdiriləcəyi gözlənilir. Deməli, mahiyyət etibarilə ciddi dəyişiklik baş vermədi. İŞİD-i dəstəkləyən dövlətlər yenə də onun vasitəsilə Əsəd rejiminə qarşı mübarizəni davam etdirəcəklər. Hadisələrin inkişaf xətti demək olar ki, əvvəlki dövrlərdən ciddi fərqlənməyəcək. Müvəqqəti sakitlik müşahidə olunsa da, vəziyyətin yenidən kəskinləşəcəyi qaçılmazdır".

Politoloq onu da əlavə edib ki, Suriyanın əvvəlki ərazilər çərçivəsində vahid dövlət kimi mövcudluğu qeyri-mümkündür: "İŞİD-in isə hələ uzun müddət nəzarətində olan Suriya ərazilərini saxlayacağını proqnozlaşdırmaq mümkündür. Rusiya isə Suriya ilə bağlı strategiyasını tam reallaşdıra bilməsə də, yenə də tam məğlub kimi nəzərdən keçirilməməlidir. Ən azından Suriyanın daha strateji -Aralıq dənizinə çıxan ərazilərinin Əsədin nəzarətində qalmasına nail oldu".