"Bu gün biz Azərbaycan xalqının tarixində ən faciəli hadisə olan Xocalı soyqırımını yad edirik. Bu tədbir şəhidlərimizə olan ehtiramımızı ifadə etmək məqsədilə təşkil olunub". SİA-nın verdiyi xəbərə görə, bunu jurnalistlərə açıqlamasında Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev deyib.
Nazir bildirib ki, bu gün "Yaddaş" sənədli filmlər studiyasının lentə aldığı 3 film Azərbaycanın Milli Qəhrəmanlarının şücayətinin, vətənə məhəbbətinin, əzminin təsviridir: "Biz Azərbaycanın bütövlüyü uğrunda canlarından keçən, xalqın gələcəyi naminə vuruşan oğullarımız qarşısında baş əyirik.
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət" kampaniyası sayəsində Xocalı faciəsi bir sıra beynəlxalq təşkilatlar tərəfindən tanınıb. Artıq bütün ölkələrdə Xocalı faciəsi haqqında real məlumat yayılıb və hüquqi qiymət almağa davam edir. Bu, bizə müəyyən qədər təsəlli versə də, eyni zamanda, Milli Qəhrəmanlar haqqında filmlərin təqdimatı Azərbaycan gəncliyinin daha mübariz, vətənsevər olmasında uğurlu vasitədir. Ona görə də, düşünürəm ki, bu filmlərin gələcəkdə hərbi hissələrdə, təhsil ocaqlarında, mədəniyyət müəssisələrində nümayiş olunması insanların marağına səbəb olacaq".
"Dədə Qorqud" filminin hazırlıq prosesi haqqında da məlumat verən Əbülfəs Qarayev söyləyib ki, ssenarinin ilkin variantı hazırdır: "Lakin hesab edirik ki, kinematoqrafik qaydalara əsasən, filmin daha uğurlu alınması üçün ssenari üzərində çalışmalar davam etməlidir. "Dədə Qorqud" Azərbaycanın qədim tarixinin, ənənələrinin daşıyıcısı olduğundan, bu layihə böyük əmək tələb edir. Biz çalışmalıyıq ki, bu film dünyada milli mənəviyyatımızı, kökümüzü uğurla təbliğ edə bilsin".
Kubra Bayramova