Özbəkistanda Xocalı soyqırımına həsr olunmuş rekviem keçirilib FOTOLAR

26 Fevral 2016 11:34 (UTC+04:00)

Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə Daşkənddə Xocalı faciəsinin 24-cü ildönümü münasibəti ilə anım tədbiri keçirilib. Nazirlikdən SİA-ya verilən xəbərə görə, səfirliyin nəzdindəki Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistanda fəaliyyət göstərən xarici ölkələrin çoxsaylı səfirləri, diplomatları, ölkənin dövlət nümayəndələri, tanınmış elm, mədəniyyət xadimləri, diaspora fəalları, ali məktəb tələbələri, mətbuat nümayəndələri iştirak ediblər.

Tədbirdə soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyev Fondunun layihəsi ilə çəkilmiş "Xocalıya ədalət" adlı klip nümayiş etdirilib.

Anım tədbirində çıxış edən Azərbaycanın Özbəkistandakı Səfiri cənab Hüseyn Quliyev Xocalı soyqırımı haqqında məlumat verib, faciənin ağır nəticələri barədə məruzə edib. Səfir erməni işğalçıları tərəfindən azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin aparıldığını, qadınlara, uşaqlara, yaşlılara qarşı xüsusi amansızlıqla işgəncələr verildiyini, faciə nəticəsində yüzlərlə azərbaycanlının məhv edildiyini qeyd edib. Diplomat çıxışında bu günə qədər dünyanın 12 dövlətinin, ABŞ-ın 20 ştatının, o cümlədən, İslam Əməkdaşlıq Təşkilatının Xocalıda baş verən hadisələri soyqırım kimi tanıdığını vurğulayıb. Səfir çıxışında yalnız Xocalıda deyil, Xolokostda, 1915-1918-ci illər Türküstanda törədilmiş soyqırımları da qətiyyətlə pislədiyini bəyan edib.

Daha sonra Özbəkistan xalq çalğı alətləri Kamera Orkestri "Xocalıya ədalət" adlı soyqırım qurbanlarının xatirəsinə həsr etdiyi konsert-rekviemlə çıxış edib.

Konsert-rekviemdə Azərbaycan bəstəkarları Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Hacı Xanəmmədovun, özbək bəstəkarları Dani Zakirovun, Muxtar Əşrəfinin və s. əsərləri ifa olunub.

Beynəlxalq festivalları laureatı Səncər Kadirov Xocalı soyqırımı qurbanlarının xatirəsinə ithaf etdiyi "Ayrılıq", "Darıxıram sənin üçün Şuşam" musiqisini Azərbaycan dilində ifa edib. Konsert rekviemdə bədii rəhbər professor Firuzə Abduaraximova olub.

Daha sonra azərbaycanlı müğənni Nigar Camalın "Məhv olmuş arzular" adlı klipi nümayiş etdirilib.

Tədbirdə iştirak edən xarici qonaqlara Azərbaycan Səfirliyinin dəstəyi ilə bu il Daşkənddə nəşr olunmuş özbək tədqiqatçısı Şuxrat Barlasın "Türküstan və Cənubi Qafqaz XIX-XX əsrlər. Daşnaklar Qarabağdan Fərqanəyə qədər" adlı kitab paylanılıb.

Qeyd edək ki, tədbir yerli KİV-lərdə, o cümlədən, Türkiyənin "TRT" kanalında geniş yayılıb.