25-27 apreldə Bakı şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının 7-cı Qlobal Forumuna hazırlıqla bağlı BMT-nin nümayəndə heyəti ölkəmizdə səfərdədir. SİA-nın nazirliyə istinadən verdiyi xəbərə görə,səfər çərçivəsində Foruma hazırlıq işləri ilə bağlı Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində görüş keçirilib. Xarici işlər nazirinin müavini Nadir Hüseynov nümayəndə heyətini qəbul edib. Görüş zamanı Forumun keçirilməsi ilə bağlı təşkilatı məsələlər, yüksək səviyyədə Nazirlər Şurasının iclasının təşkili barədə fikir mübadiləsi aparılıb.
Nazir müavini Forumun keçirilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsis edilmiş Təşkilat Komitəsinin üzvü kimi Xarici İşlər Nazirliyinin üzərinə düşən bütün vəzifələri yerinə yetirəcəyini bildirib.
Qeyd edək ki, BMT Ali Nümayəndəsinin Kabinet rəhbəri Nihal Saad öz növbəsində qarşıdakı iki ay müddətində Təşkilat komitəsi ilə Xarici İşlər Nazirliyinin səmərəli əməkdaşlıq edəcəyinə əminliyini ifadə edib.