Beynəlxalq ictimaiyyət Xocalı faciəsini XX əsrin ən amansız soyqırımı aktı kimi tanımalı, işğalçı Ermənistan ordusu Azərbaycan torpaqlarını qeyd–şərtsiz tərk etməlidir.
Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyanadakı diplomatik nümayəndəliyindən bildiriblər ki, bu fikri "Xocalıya ədalət!" kampaniyası çərçivəsində Lyublyana şəhərində keçirilən anım mərasimində Sloveniya parlamentinin Yuxarı Palatasının deputatı Rudi Matyaşiç deyib.
Son illər dünyanın bir çox ölkələrində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə "Xocalıya ədalət" kampaniyası çərçivəsində həyata keçirilən tədbirlər ermənilərin zaman-zaman xalqımıza və dövlətimizə qarşı yürütdüyü işğalçılıq və soyqırımı siyasətinin ifşa olunmasında müstəsna rol oynayır. Bu baxımdan dünyanın bir sıra ölkələrində olduğu kimi, Sloveniya parlamentinin Yuxarı Palatası da Xocalı soyqırımını tanıyan qətnamə qəbul etməklə tarixi ədalətin bərpa olunmasına öz töhfəsini verib.
Qəddarlıqla həyata keçirilməsinə görə Xocalı faciəsini XX əsrin ən amansız soyqırımı aktı adlandıran Sloveniya parlamentinin Yuxari Palatası işğalçı Ermənistan ordusundan Azərbaycan torpaqlarını qeyd-şərtsiz tərk etməyi tələb edib. Bu qərarın ardınca Sloveniyanın Ştayerski vilayətinin Dövlət Administrasiyası tərəfindən Sloveniya ilə Avstriyanın sərhədində Xocalı soyqırımı qurbanlarının xatirəsini özündə əks etdirən abidə kompleksinin uçaldılması haqqında sərəncam verilib.
"Xocalı faciəsi insanlığa yönəlmiş bəşəri cinayətdir". Bu devizlə Lyublyana şəhərinin mərkəzində keçirilən "Xocalıya ədalət!" aksiyasına qatılanlar Azərbaycanın Avstriya, Sloveniya və Slovakiyadakı səfirliyinin Lyublyanadakı diplomatik nümayəndəliyi tərəfindən 24 il bundan öncə ermənilərin Xocalı şəhərəndə törətdikləri vəhşiliklərlə tanış ediliblər. Lyublyana şəhər merinin, deputatların və diplomatik korpus nümayəndələrinin iştirak etdiyi tədbirdə Azərbaycanın Sloveniyadakı müvəqqəti işlər vəkili Azər Xudiyev çıxış edərək ermənilərin son iki əsrdə xalqımıza və torpaqlarımıza qarşı həyata keçirdikləri mərhələli soyqırımı və işğalçılıq siyasətindən bəhs edib. O, Xocalı soyqrımı ilə bağlı ədalətli qətnamə qəbul edən Slovenya parlamentinə və dövlətinə minnətdarlığını bildirib.
Rəsmi Slovenyanın haqq işində daim Azərbaycanın yanında olduğunu nəzərə çatdıran Sloveniya parlamentinin deputatları 24 il bundan öncə Xocalıda törədilmiş vəhşilikləri bir xalqa və millətə yönəlik soyqırımı siyasəti adlandırıblar.
Sloveniya parlamentinin Yuxarı Palatasının deputatı Rudi Matyaşiç tədbirdə iştirak edən yerli və xarici media nümayəndələrinə verdiyi müsahibədə bildirib ki, o, bir deputat kimi Xocalı faciəsi və Qarabağ hadisələri ilə yaxından tanışdır: "Birmənalı olaraq qeyd etmək istəyirəm ki, Xocalı faciəsi XX əsrin ən amansız soyqırımı aktıdır. Əminəm ki, gec-tez dünya birliyi bu tarixi cinayətə hüquqi-siyasi qiymət verəcək və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaq. Şəxsən mən Xocalı şəhərində baş verən qəddarlıq aktı ilə yaxından tanış olduqdan sonra bununla bağlı qətnamə hazırlayaraq Slovenya parlamentinə təqdim etdim. Çox şadam ki, bu məsələyə bütün həmkarlarım həssas yanaşdılar və Xocalı soyqrımı ilə bağlı qətnamə qəbul olundu. Əminəm ki, bizim işimiz beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinə bir dəstək olacaq".
Tədbirin sonunda Sloveniyada "Xocalıya ədalət!" kampaniyasına qoşulan yerli gənclər təşkilatlarının fəalları Lyublyana şəhərinin iki istiqamətindən havaya Xocalı qurbanlarının sayı qədər - 613 ağ və qara şar buraxmaqla, indiyədək bu acı həqiqətə göz yuman dünya birliyini haqqa və ədalətə səsləyiblər.