Xocalı sakinlərinin məskunlaşdığı Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində Gənclər üçün Təhsil Mərkəzi və Xocalı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib. Mərkəzdən SİA-ya verilən məlumata görə, tədbir Xocalının tarixi, mədəniyyəti, coğrafiyası haqqında gənclərin biliklərini artırılmasına və 24 il bundan öncə baş vermiş soyqırımı faktlarını gənclər arasında təbliğinə həsr olunub.
İntellektual yarışın açılış mərasimində Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Gənclər üçün Təhsil Mərkəzinin rəhbəri Fəxrəddin Həsənzadə çıxış edərək, Xocalı soyqırımı zamanı tökülən qanların yerdə qalmayacağını, Azərbaycan gəncliyinin tez bir zamanda Xocalı tarixinə ,mədəniyyətinə sahiblənəcəyini və Prezident İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın bütövləşəcəyini, Azərbaycan ordusunun böyük qələbəyə tezliklə çatacağını vurğulayıb.
Gənclər üçün Təhsil Mərkəzinin Qarabağ Regional Ofisinin rəhbəri Radə Telmanqızı, Xocalı Rayon İcra Hakimiyyəti başçısının müavini Lamiyə Qarayeva və digərləri çıxış edərək, XX əsrin ən dəhşətli faciəsinin başvermə səbəblərindən, Xocalının işğalı zamanı dinc əhaliyə qarşı törədilən genişmiqyaslı qanlı hərbi cinayətdən, soyqırımı haqqında həqiqətlərin dünya dövlətlərinə çatdırılması istiqamətində görülən işlərdən danışmışdırlar. Çıxış edənlər beynəlxalq ictimaiyyətin Xocalı soyqırımı ilə bağlı dolğun şəkildə məlumatlandırılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən "Xocalıya ədalət" beynəlxalq kampaniyasının əhəmiyyətini yüksək qiymətləndirib, bu kimi tədbirlərdə gəncləri fəal iştirak etməyə səsləyiblər.
Daha sonra yarış öz işinə başlayıb. Maarifləndirmə xarakterli tədbirdə Xocalı rayonunun ümumtəhsil məktəblərindən 10 komanda iştirak edib. Yarış iştirakçıları "Könlüm keçir Qarabağdan", "Döyüş alnımıza yazılıb", "Dövlət rəmzlərimiz", "Qan yaddaşımız Xocalı", "Mən azərbaycanlıyam" mövzularında sualları cavablandırıblar.
