Qış fəslinin sonlarına yaxınlaşırıq. Qarşıdan yaz fəslinin gəlməsinə baxmayaraq, havalar hələ də soyuq keçir. Bir gün payız, bir gün qış, hətta bəzi günlərdə yaz havasını yaşayırıq. Təbiətin bu cür şıltaqlığı insan orqanizminə təsirsiz ötüşmür. Dəyişkən havalarda xəstəliklərin yayılma riski böyüyür. Bu, uşaqlarda da özünü göstərmiş olur. Bu təsirlər özünü hansı şəkildə göstərir və onlardan necə qorunmalıyıq? Bütün bu suallara cavab tapmaq üçün mövzunu araşdırmağa qərar verdik.
Araşdırmamız zamanı bir sıra mütəxəssislər SİA-ya açıqlama verib, mövzu ilə bağlı fikirlərini bildirdilər.
"Gün ərzində təcili yardıma edilən müraciətlərin 10 faizini uşaqlarla bağlıdır"
.jpg)
Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Rauf Nağıyev qeyd edib ki, gün ərzində stansiyaya edilən müraciətlərin 10 faizi uşaqlarla bağlıdır: "Fəsil keçidi Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına edilən müraciətlərə təsir göstərmir. Bizə edilən müraciətlərin sayında fərq ildə iki dəfə - dekabr-yanvar və iyul-avqust aylarında olur. Belə ki, ən soyuq və ən isti günlərdə stansiyaya edilən gündəlik müraciətlərin sayında dəyişiklik qeydə alınır. İnsan orqanizmi özünü tənzimləmə prosesinə malik olduğu üçün keçid fəslində də özünü tənzimləyə bilir. Tənzimləmə prosesi yaşlılarda və körpələrdə pis gedir. Buna görə də gün ərzində stansiyaya edilən müraciətlərin 10 faizini uşaqlarla bağlı müraciətlər təşkil edir".
"Dəyişkən hava xroniki xəstəlikləri kəskinləşdirir"
Pediatr Elza Aslanova bildirib ki, havaların dəyişkən keçməsi uşaqların səhhətində böyük problemlər yaradır: "Havaların dəyişkən keçməsi, insanlarda olan əksər xroniki xəstəlikləri kəskinləşdirir. Bu cür hava revmatik xəstələr üçün əlverişsizdir. Revmatizmdən əziyyət çəkən uşaqlar ildə iki dəfə - yazda və payızda müalicə almalıdırlar. Havaların dəyişkən olması asma xəstəliyindən əziyyət çəkən uşaqlarda problemlər yaradır. Soyuq havalarda soyuqsevən viruslar daha da aktivləşir və bu da azyaşlılarda müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Qış aylarında uşaqlar qusma, ishal halları ilə rastlaşırlar. Soyuqsevən virusların bəziləri mədə-bağırsaq formasında daha çox yayılır. Bundan başqa dəyişkən havada zökəm, boğaz ağrısı kimi xəstəliklər daha da kəskinləşir. Burnunda adenoid olan uşaqlara fəsil dəyişkənliyi mənfi təsir göstərir. Havanın dəyişik keçməsi adenoidlərin şişməsinə səbəb olur və bu da burun axması hallarına rəvac verir. Bəzən valideynlər bu cür halları zökəm kimi qələmə verirlər. Bir sözlə deyə bilərik ki, havaların dəyişkən keçməsi xəstəliklərin artması üçün əlverişli şərait yaradır. Dəyişkən hava mədə-bağırsaq sistemində problemi olan uşaqlara da təsirsiz ötüşmür. Bundan başqa belə havalar angina hallarını artırır. Yuxarıda qeyd edilən xəstəliklərdən əziyyət çəkən uşaqlar il ərzində müalicə gimnastikası ilə məşğul olmaqla orqanizmi möhkəmləndirməlidirlər ki, soyuq havaya çıxan kimi xəstələnməsinlər. Biz bu cür uşaqların üzgüçülüklə məşğul olmasını məsləhət görürük. Amma çox təəssüf ki, bəzi valideynlər həkimlərin məsləhətinə əməl etmir, uşaqları havada daha çox gəzdirmək əvəzinə, qalın geyindirərək evdə saxlayırlar. Ev şəraitində olan uşaqlar havaya daha çox həssas olurlar. Çünki belə uşaqlar havada az gəzdikləri üçün onların orqanizmləri viruslarla mübarizə apara bilmir. Bəzən deyilir ki, kəndlərdə yaşayan uşaqlar daha sağlam olur. Bunun əsas səbəbi onların açıq havada daha çox olmalarıdır. Belə olan halda, orqanizm viruslara qarşı möhkəm olur. Valideynlər vaxtlarını nəzərə alaraq, uşaqları mütləq açıq havada gəzdirməlidirlər. Bakının küləkli, tozlu olduğunu nəzərə alaraq, uşaqların günorta saatlarında havada olması daha məsləhətlidir. Qidalanmaya gəlincə, uşaqlar belə mövsümlərdə daha çox meyvə-tərəvəz məhsulları ilə qidalanmalıdırlar. Valideynlər dəyişkən havalarda uşaqlara bol alma, apelsin, kivi, banan, ispanaq kimi qidalar verməlidirlər".
"Keçid fəslində sağlam qidalanmaya xüsusi diqqət yetirilməlidir"
Dietoloq Ləman Süleymanova dəyişkən havalarda uşaqların düzgün qidalanmasından danışdı: "Havaların dəyişkən keçməsi, böyüklərlə yanaşı, uşaqların səhhətində də ciddi fəsadlar yaradır. Keçid fəslində infeksion xəstəliklər daha aktiv olur. Hazırda biz qış fəslindən yaza keçiddəyik. Bu dövrdə xüsusilə ehtiyatlı olmaq lazımdır. Bitkilərin, güllərin çiçəkləndiyi bir dövrdə insan orqanizmində mühüm dəyişikliklər baş verir. İmmun sistemi aşağı olan, qan azlığından əziyyət çəkən uşaqlar xüsusilə bu dövrdə qidalanmalarına fikir verməlidirlər. Fəsilə uyğun meyvə-tərəvəzlərə üstünlük verilməlidir. Qida rasionunda ət və ət məhsulları üstünlük təşkil etməlidirlər. Valideynlər fəsil dəyişkənliyi dövründə uşaqlarının sağlam şəkildə qidalanması ilə ciddi məşğul olmalıdırlar. Düzgün qidalanma uşaqların gələcək həyatlarına təsir edən əsas amillərdən sayılır. Fəsil dəyişkənliyi dövründə uşaqlarda, baş ağrıları, baş gicəllənmələri kimi hallar yaranır. Kəllədaxili təzyiqdən əziyyət çəkən uşaqlar da bu cür hallara daha çox rast gəlinir. Bu dövrdə həmin uşaqların rasionuna xüsusi nəzarət edilməlidir. Uşaqlar rejimlə qidalanmalı, vaxtında bəslənməlidirlər. Fəsil dəyişkənliyi dövründə uşaqlar "chek-up" müayinələrdən keçməli, qanda şəkər və insulin yoxlanmalı, ağartı məhsullarından daha çox istifadə edilməlidir. Gün ərzində uşaqların bir stəkan kefir qəbul etməsi məqsədəuyğundur.
İmmun sistemini zəiflədən, kəskin başağrıları yaradan ilk səbəb isə səhər yeməyindən imtinadır. Səhər yeməyindən imtina qəti qadağandır. Elə uşaqlar var ki, ümumiyyətlə, səhər yeməyi qəbul etmirlər. Valideynlər bu halı nəzarətsiz qoymamalıdırlar. Çünki, bu hal uşaqların fiziki inkişafı ilə yanaşı, zehni inkişafına da təsir göstərə bilər".
"Hava insan psixologiyasına çox böyük təsir göstərir"
Hava dəyişkənliyinin uşaqların psixologiyasına təsirinə gəlincə, psixoloq Təhminə Çələbi söyləyib ki, keçid fəsli birbaşa insan psixologiyasına təsir edən amillərdən sayılır: "Dəyişkən hava uşaqların psixologiyasına təsirsiz ötüşmür. Bir çox hallarda valideynlər uşaqlarının əhval-ruhiyyəsinin dəyişməsini nə ilə əlaqələndirəcəklərini bilmirlər. Havaların dəyişməsi, uşaqlarda əhval dəyişikliyi, xoşagəlməz kaprizlər yaradır. Bəzən uşaqlara harasa getmək söz verilir, lakin havanın pisləşməsi nəticəsində bu gəzinti təxirə salınır. Belə olan halda, uşaqlarda havaya qarşı aqressiya yaranır. Yəni əgər hava pisdirsə, demək hər şey pisdir. Belə olan halda, uşaqlarda ərköyünlük, ağlamaq, hər şeyə etiraz etmək kimi hallar baş verir.
Hava dəyişkənliyi nəticəsində uşaqların gedəcəkləri yerə gedə bilməməsi, şüuraltı şəkildə onların əhvalına təsir edir. Valideynlər onların harasa gedə bilmədiklərini hava ilə əlaqələndirməməli və uşaqlara başa salmalıdırlar ki, bu, sənin sağlamlığın üçün atılan addımdır. Soyuq havada çölə çıxmaq sənin xəstəliyinə, həkimə getməyinə, dərman qəbuluna və ən əsas da uzun müddət evdə qalmağına səbəb ola bilər. Uşağı bu cür məqamlara hazırlamaq mümkündür. Valideyn uşaqlarla daha açıq olmalı, onlara səbəbləri aydınlatmalıdır. Belə olan halda, uşaqda, təfəkkür, təxəyyül, məntiq inkişaf edir və onların bioloji və psixoloji sarsıntılara tutulmasını minimuma endirir. Bunu nəzərə alaraq deyə bilərik ki, hava insan psixologiyasına çox böyük təsir göstərir".
Qeyd edək ki, uşaq nevropatoloqları düşünürlər ki, dəyişkən hava uşaqların sinir sisteminə də mənfi təsir göstərir. Belə hallarda valideynlərə uşaqlarla daha həssas davranmaları məsləhət görülür. Keçid fəsli həssas uşaqlarda möhkəm baş ağrıları və ruh düşkünlüyü yarada bilər. Bu cür hallarda valideynlər mütləq şəkildə həkimə müraciət etməlidirlər.