Sabunçu rayonunda hesabat yığıncağı keçirilib

20 Fevral 2016 16:14 (UTC+04:00)

Bu gün Sabunçu Gənclər Evində rayonun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunları və 2016-cı ildə qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. SİA-nın verdiyi xəbərə görə, tədbirdə Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev, millət vəkili Dilarə Cəbrayılova, rayon İcra Hakimiyyəti başçısının müavinləri, Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva, RİH başçısı Aparatının məsul işçiləri, rayonun hüquq mühafizə orqanları, icra strukturlarının rəhbərləri və rayon ictimaiyyəti nümayəndələri iştirak ediblər.

Hesabat yığıncağı Prezident İlham Əliyevin ötən il rayona etdiyi səfərlər, rayonda həyata keçirilən abadlıq-quruculuq işləri, əldə olunan nailiyyətlərdən bəhs edən filmin nümayişi ilə başlayıb.

Tədbirdə ilk öncə hesabat məruzəsi ilə çıxış edən Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyev Azərbaycan Prezidenti İlham Əliyevin Ulu Öndərin kursunu uğurla davam etdirməsi və gərgin əməyi sayəsində 2015-ci il Azərbaycanın davamlı iqtisadi inkişafı, makroiqtisadi sabitliyin möhkəmlənməsi, əhalinin rifahının daha da yüksəlməsi, ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artması kimi tarixə düşdüyünü bildirib.

Adil Vəliyev qeyd edib ki, 2015-ci il ərzində Sabunçu rayonunun iqtisadi və sosial sahələrində də dinamik inkişaf davam edib, bütün göstəricilər üzrə müsbət nəticələr əldə edilib. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2014-cü il tarixli sərəncamı ilə "2014-2016-cı illərdə Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı" çərçivəsində ötən il rayonda böyük infrastruktur layihələrininin həyata keçirildiyini deyən Adil Vəliyev 2016-cı ildə də bu yöndə işlərin davam etdiriləcəyini deyib.

İcra başçısı Nardaran qəsəbəsində baş verən hadisələrə toxunaraq bildirib ki, orada baş verənlər bir qrup dini radikal qüvvələrin Azərbaycan dövlətçiliyinə qarşı həyata keçirdiyi təxribat xarakterli hadisələr olub: "Hal-hazırda qəsəbədə geniş abadlıq və yenidənqurma işləri aparılır. Yeni iş yerləri yaradılır. Nardaranın bundan sonrakı inkişafı üçün bütün lazımı işlər davam etdiriləcək."

Adil Vəliyev 2015-ci ildə baş tutan parlament seçkilərinin şəffaflıqla keçirilməsində rayonun aidiyyatı qurumlarının üzərinə düşən vəzifələrini layiqincə yerinə yetirdiyini deyib.

Rayon iş adamlarının adından çıxış edən Tahir Əliyev cənab Prezident İlham Əliyevin iş adamlarına göstərdiyi qayğı və diqqətdən danışıb.İcra başçısı Adil Vəliyevin rayon sahibkarlarına dəstəyindən söz açan müəssisə rəhbəri bu dəstək sayəsində ölkə başçısının sahibkarlar qarşısında qoyduğu vəzifələri layiqincə yerinə yetirmək iqtidarında olduqlarını söyləyib.

Sabunçu rayon mənzil-kommunal təsərrüfat birliyinin rəisi Oruc Əhmədov, rayonun polis idarəsinin rəisi Eldar İlyasov, Dövlət Təhlükəsizlik Xidmətinin Sabunçu rayon idarəsinin rəisi Faiq Nuriyev müvafiq sahələr üzrə hesabat çıxışları ediblər.

Yeni Azərbaycan Partiyası Sabunçu rayon təşkilatının sədri Mehriban Abasquliyeva YAP-ın Azərbaycanın inkişafının hərəkətverici qüvvəsi olduğunu bildirib: "Bizlər cənab Prezidentin də dediyi kimi xalqın xidmətçiləriyik. Xalqa xidmət məsuliyyətini daima çiyinlərimizdə daşımağa hazırıq".

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul əməkdaşı Tağı Tağıyev Azərbaycanın, o cümlədən də Sabunçu rayonunun uğurlu inkişaf yolunu davam etdirdiyini deyib: "Ölkəmizdə ötən il ÜDM 1,1 %, sənaye istehsalı 2,4 %, kənd təsərrüfatı 6,6 %, qeyri-neft sektoru 8,4 % artıb. Hesabat ilində qarşıda qoyulmuş bütün sosial layihələr həyata keçirilib. 2014-cü illə müqayisədə dövlət tərəfindən ayrı-ayrı sahələrə ayrılan vəsaitin həcmi artırılıb. Cənab Prezident sahibkarlığın inkişafını prioritet sahə kimi qarşıya qoyub. Bu yöndə müvafiq güzəştlər edilib və ediləcək. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə yaradılan Asan Xidmət mərkəzlərinə bu günə kimi 8 milyondan artıq insane müraciət edib. Yeni İpək yolu dəhlizinin işə salınması üzrə işlər sürətləndirilib. Tranzit ölkəyə çevriləcək Azərbaycana qeyri-neft gəlirləri artacaq".

Ölkə başçısı tərəfindən 2016-cı ilin "Multukulturalizm ili" elan olunduğunu söyləyən Tağı Tağıyev dini radikalizmlə mübarizənin daha da gücləndiriləcəyini bildirib. 2015-ci ildə Ermənistanın tutduğu qeyri-konstruktiv mövqeyə görə Dağlıq Qarabağ münaqişəsinin həllində heç bir irəliləyiş olmadığını deyən PA-nın məsul əməkdaşı bu münaqişə nəticəsində qaçqın və məcburi köçkün düşmüş insanların sosial-məişət şəraitinin yaxşılaşdırılması üçün dövlət tərəfindən böyük işlər görüldüyünü vurğulayıb.

Daha sonra rayon ictimaiyyət nümayəndələrinin mövcud təklifləri dinlənilib.

Sonda rayonun ictimai-siyasi həyatında aktiv və səmərəli fəaliyyəti ilə seçilən bir qrup şəxsə rayon icra hakimiyyətinin fəxri fərman və mükafatları təqdim olunub.