Bu gün xalq artisti, professor, "Şöhrət" və "İstiqlal" ordenli xanəndə Arif Babayevin doğum günüdür. SİA-nın verdiyi xəbərə görə, Arif İmran oğlu Babayev fevralın 20-si 1938-ci ildə Ağdam şəhəri yaxınlığındakı Sarıhacılı kəndində anadan olub.
1960-cı ildən başlayaraq, Arif Babayevin yaradıcılıq yolu Bakı şəhəri ilə bağlı olub. O, 1962-ci ildə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsil alıb.
O, Seyid Şuşinski, Xan Şuşinski, Zülfi Adıgözəlov kimi sənətkarların ənənələrinə əsaslanaraq, özünəməxsus ifaçılıq üslubu yaradıb.
Əvvəl Azərbaycan Dövlət Filarmoniyasına, sonra isə Azərbaycan Dövlət opera və Balet Teatrına solist kimi dəvət olunan Arif Babayev bu teatrın səhnəsində muğam operalarında Məcnun, (Ü.Hacıbəyov-"Leyli-Məcnun" ), Kərəm (Ü.Hacıbəyov-"Əsli və Kərəm "), Aşıq Qərib (Z.Hacıbəyov-"Aşıq Qərib"), Camal (Ş.Axundova-"Gəlin qayası") kimi yaddaqalan obrazlar yaradıb. Arif Babayevin ifasında bütün muğam dəstgahlar səslənib.
1982-ci ildə Bülbül adına Orta İxtisas Musiqi Məktəbində ilk muğam müəllimi kimi çalışmağa başlayıb. Daha sonra - 1984-cü ildə ilk muğam müəllimi kimi Azərbaycan Dövlət Konservatoriyasına işə qəbul olunub.
1990-cı ildə ilk dəfə muğam professoru adı alıb. Xalq artisti Arif Babayev hazırda Milli Konnservatoriyanın muğam kafedrasının müdiridir. O, eyni zamanda Xəzər Universitetində muğam dərsi də verir.
Onun yaradıcılığında "Şur", "Seygah" muğam dəstgahları, "Arazbarı", "Qarabağ şikəstəsi" zərbi muğamları xüsusi yer tutur. Xüsusilə, "Seygah" muğamını Arif Babayev təkrarolunmaz bir üslubda oxuyub. Xanəndə həm də təsnif və xalq mahnılarının ifaçısı kimi çox sevilir.
Qeyd edək ki, Arif Babayevin 70 illik yubileyi münasibətilə Heydər Əliyev Fondu tərəfindən xanəndənin səsyazılarından, həyat və yaradıcılıq yolunu əks etdirən şəkillərdən ibarət CD-albom nəşr olunub.