Türkiyəli nazir: “Türkiyə terrorçular arasında fərq qoymur” FOTOLAR-YENİLƏNİB

18 Fevral 2016 14:05 (UTC+04:00)

Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıdadır. SİA-nın məlumatına görə, o, Azərbaycanda rəsmi şəxslərlə, o cümlədən Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla görüşüb. Nazirlər həm təkbətək, həm də geniştərkibli görüş keçiriblər.

Görüşdə ötən gün Türkiyənin paytaxtı Ankarada baş verən terror aktı pislənilib, ikitərəfli əməkdaşlıq məsələlərindən danışılıb və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi yer alıb.

Daha sonra hər iki nazirin birgə iştirakı ilə mətbuat konfransı keçirilib.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov deyib ki, Azərbaycan Türkiyədə baş vermiş terror aktlarına görə dərin başsağlığını verir: "Bizim bu məsələ ilə bağlı mövqeyimiz aydındır, biz terrorçuluğu onun bütün təzahürlərində qınayırıq".

XİN rəhbəri əlavə edib ki, terror aktı nəticəsində xəsarət almış azərbaycanlı vətəndaşlar barədə hazırda məlumat yoxdur.

O diqqətə çatdırıb ki, terrorçuluqla mübarizə məsələsi çox vacibdir və hazırda Azərbaycanın Suriyada anti terror İslam koalisiyasında iştirakı məsələsi müzakirə mərhələsindədir: "Bu məsələ ilə bağlı qərar qəbul edilməyib. Biz regional və ikitərəfli münasibətləri, ölkələrimiz arasında mövcud olan strateji münasibətləri müzakirə etdik".

Onun sözlərinə görə, tərəflər enerji əlaqələrini və Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu tikinti layihəsini müzakirə ediblər: "Biz inanırıq ki, BTQ bu ilin sonuna istismara veriləcək.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu isə bildirib ki, Türkiyə Ankaradakı terror aktını qınayır və Azərbaycana verdiyi dəstəyə görə təşəkkür edir: "Türkiyə terrorçular arasında fərq qoymur".

XİN rəhbəri qeyd edib ki, terror aktına görə təxirə salınmış Türkiyə və Azərbaycan prezidentlərinin görüşü yaxın vaxtlarda baş tutacaq: "Biz bu hücumları araşdırmağa və onların arxasında dayananların şəxsiyyətini müəyyənləşdirməyə davam edirik, heç kəs Türkiyəni yolundan ayıra bilməz".

M.Çavuşoğlu əlavə edib ki, Azərbaycan və Türkiyə arasında sıx əlaqələr var və Türkiyə Dağlıq Qarabağ münaqişəsi məsələsində Azərbaycanı dəstəkləyir.

O diqqətə çatdırıb ki, sabah Tbilisidə Türkiyə, Azərbaycan və Gürcüstan XİN rəhbərləri Bakı-Tbilisi-Qars dəmir yolu tikintisinin gedişi ilə tanış olacaqlar.

Xatırladaq ki, sabah Gürcüstanda Azərbaycan, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin görüşünün keçirilməsi nəzərdə tutulur.