"Manatın 3-cü dəfə devalvasiyasını proqnozlaşdırmaq qeyri-mümkündür". Bunu SİA-ya İqtisadi və Sosial İnnovasiyalar İnstitutunun rəhbəri, millət vəkili Əli Məsimli deyib.
Onun sözlərinə görə, manatın məzənnəsinə təsir edən amillərin çoxu bizdən asılı olmayan amillər olduğundan, dəqiq proqnoza gəlinmir: "Azərbaycan manatı 21 dekabrda ikinci dəfə devalvasiyadan sonra Mərkəzi Bank tərəfindən üzən məzənnəyə keçidlə bağlı qərar qəbul edilib. Amma Azərbaycan manatının indiki vəziyyəti onu tam üzən məzənnəyə keçməyə imkan vermir. Mərkəzi Bank manatı tənzimləyir. Artıq bir müddətdir ki, sabahın məzənnəsi axşamdan elan edilir. Manatın məzənnəsinə təsir edən amillərin çoxu bizdən asılı olmayan amillərdir. Ölkənin ödəniş balansında olan dəyişikliklərlə yanaşı, qlobal miqyasda dolların qiymətində, neftin qiymətinin qalxıb-enməsində, bizim daha çox ticarət etdiyimiz ölkələrin milli valyutalarındakı olan dəyişikliklər bilavasitə Azərbaycan manatına təsir göstərir. Mərkəzi Bank tərəfindən tənzimlənmə prosesi davam edir. Belə olan manatın halda 3-cü dəfə devalvasiyaya uğrayacağını heç bir ekspert proqnozlaşdıra bilməz".