Bu gün ölkənin tanınmış ictimai-siyasi xadimi, Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini Siyavuş Novruzovun ad günüdür. Hər zaman amalı, düşüncəsi doğma xalqı, milləti ilə olan, həyat və fəaliyyətini yalnız dövlətçiliyə xidmət etməklə davam etdirən Siyavuş müəllimin 47 yaşı tamam olur.
Siyavuş Dünyamalı oğlu Novruzov 17 fevral 1969-cu ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Cəhri kəndində anadan olub. Orta məktəbi bitirəndən sonra təhsilini davam etdirmək üçün Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olub və ali təhslinini müvəffəqiyyətlə başa vurub. Siyavuş Novruzov dövrünün fəal gənclərindən biri kimi həm də sağlam mühitə bağlı olub. Belə ki, o, təhsil almağı ilə yanaşı, həm də idmanla məşğul olub. Siyavuş Novruzov 10 yaşından professional idmanla məşğul olub və sərbəst güləş üzrə SSRİ çempionu adını qazanıb.
Həyatının gənclik illəri də keşməkeşli olub Siyavuş müəllimin. Belə ki, Siyavuş Novruzov həqiqi hərbi xidmətini Əfqanıstanda keçib, odlu-alovlu Əfqanıstan müharibəsində iştirak edib və döyüşlərdə göstərdiyi şücaətlərinə görə orden və medallarla təltif edilib. Nankor qonşumuz olan işğalçı Ermənistan Azərbaycan torpaqlarına təcavüz edəndə Siyavuş Novruzov müsəlləh əsgər kimi Vətən uğrunda döyüşlərə qatılıb. O, həm də Qarabağ müharibəsinin veteranıdır.
Siyavuş Novruzov eli-obası, xalqı qarşısında kifayət qədər tanınan ziyalı, eləcə də hər zaman Vətəni üçün ürəyi döyünən və hər kəsə örnək ola biləcək vətəndaşdır. Siyavuş Novruzov 80-ci illərin sonlarından – Bakıda mitinqlərə start veriləndən aktiv siyasətə qoşulub. O zamanlar "Əlincə" Xeyriyyə Cəmiyyətində fəaliyyətini davam etdirən Siyavuş Novruzov həmin zamanlar təqib və təhdidlərə baxmayaraq, Heydər Əliyev ideyalarının təbliğatçısı kimi çıxış edirdi. Həmin dövrlərdən başlayaraq, "Əlincə" Cəmiyyətinin təşəbbüsü də daxil olmaqla, Yeni Azərbaycan Partiyası yaranmağa başlandı. Bu baxımdan, xüsusilə qeyd etmək lazımdır ki, qısa müddətdə YAP-ın Azərbaycanın bütün rayonlarında təsis edilməsində Siyavuş Novruzovun yorulmaz fəaliyyəti, fəal təşəbbüsləri danılmazdır.
Beləliklə, onun bu kimi meyarlara sahib olması xalqı, seçiciləri tərəfindən də dəyərləndirilib. Siyavuş Novruzov artıq 4-cü çağırışdır ki, Milli Məclisin mandatını daşıyır.
O, ilk dəfə 2000-ci ildə ikinci çağırış Milli Məclisə proporsional seçki sistemi ilə çoxmandatlı seçki dairələri üzrə deputat seçilib.
2005-c ildə isə majoritar qaydada 5 saylı Şahbuz - Babək seçki dairəsindən millət vəkili seçilən Siyavuş Novruzov növbəti dəfələr də parlamentə deputat kimi qatılıb.
Nəhayət, 2015-ci ildə Milli Məclisə keçirilən seçkilərdə Siyavuş Novruzov 4-cü dəfə mandat qazanıb, 5 saylı Şahbuz-Babək seçki dairəsindən millət vəkili seçilib. O, hazırda Milli Məclisin Komitə sədridir.
47 yaşı tamam olan Siyavuş müəllim ailəlidir, bir oğlu və bir qızı var.
Biz də SƏS MEDİA QRUP olaraq hörmətli Siyavuş Novruzovu 47 yaşının tamam olması münasibətilə təbrik edir, ona ictimai-siyasi həyatında, eləcə də şəxsi həyatında yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzu edirik.






















