Beynəlxalq Ana Dili Günü ilə bağlı konfrans keçirilib

17 Fevral 2016 12:52 (UTC+04:00)

21 fevral bütün dünyada Beynəlxalq Ana Dili Günü qeyd olunur. SİA-nın verdiyi xəbərə görə, bu münasibətlə Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik Institutu Nizami adına Ədəbiyyat İnstitutunun Elektron Akt zalında konfrans təşkil edib. Konfransda Azərbaycan Respublikası Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Nizami Cəfərov, dilçilik sahəsində tanınmış alimlər və KIV nümayəndələri iştirak edib.

Konfransı açıq elan edən Nəsimi adını Dilçilik İnstitutunun direktoru vəzifəsini icra edən, AMEA-nın müxbir üzvü, professor Möhsün Nağısoylu ana dilimizin keçdiyi tarixi inkişaf yolu haqqında danışıb. Professor qeyd edib ki, son 20-30 ildə dilimizə çoxlu sayda sözlər daxil olub: "İranda Dil Qurumu fəaliyyət göstərir və həmin qurum fars dilinə daxil olan yeni sözləri ictimai müzakirəyə verir. Əgər qəbul olunsa həmin sözlər dilə daxil edilir. Azərbaycanda da bu təcrübə tətbiq olunmalıdır. Dilin qoruyucusu xalqdır. Amma bu yolda əsas vəzifə ziyalıların üzərinə düşür. Dilimizin daxili imkanları hesabına bəzi terminləri özümüzünküləşdirməliyik. Bu istiqamətdə araşdırmalar aparılmalıdır".

Çıxış edən millət vəkili Nizami Cəfərov bildirib ki, dil xalqın ruhudur: "Müstəqilliyi olmayan xalqın dili bərbad olur. Ümummilli Liderimiz Heydər Əliyev ana dilimizin qorunmasında və inkişafında böyük xidmətlər göstərib. Bu gün dilimiz mətbuatda inkişaf edir. Elə ən çox pozulmalar da KİV- də baş verir. KİV ümumi ictimai şüuru əks etdirir".

Daha sonra çıxış edən filologiya elmləri doktoru Buludxan Xəlilov millətin taleyinin dildən dilin taleyinin də millətdən keçdiyini söyləyib: "Azərbaycan dili müqavimətli dildir. Son 10 ilin mətbuatı ciddi araşdırılsa, yeni-yeni üslublar ortaya çıxacaq".

Sonra alimlərin dilçiliklə bağlı mühazirələri dinlənilib. Konfrans müzakirələrlə davam etdirilib.