"İxracata subsidiya verilməsini təklif etmişdik. Artıq maliyyə naziri bununla bağlı xüsusi layihə hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Yaxın vaxtlarda bu layihənin Milli Məclisdə də müzakirə olunması gözlənilir". Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, təkliflərdə nəzərdə tutulur ki, ixracla məşğul olan şirkətlərə 5 faizədək subsidiya verilsin: "Bu o deməkdir ki, şirkət bir milyon dollarlıq məhsul ixrac edibsə, onun 5 faizi həcmində vəsait dövlət tərəfindən subsidiya, yəni əvəzsiz yardım formasında sahibkara veriləcək ki, bu da olduqca müsbət addımdır. Çünki bu, ixracı stimullaşdıracaq və daha çox məhsulun ixrac edilməsinə imkan yaradacaq. Bu təcrübə inkişaf etmiş Türkiyə və Çin kimi ölkələrdə tətbiq edilir".
Ekspert qeyd edib ki, Milli Məclisdə müzakirə olunmuş anti-dempinq tədbirlərinin tətbiqi indiki halda istehlak bazarına mənfi təsir göstərəcək: "Anti-dempinq tədbirləri bir sıra məhsullara daha yüksək idxal vergi və rüsumların tətbiq edilməsi deməkdir. Düşünürəm ki, indiki məqamda buna ehtiyac yoxdur. Çünki, Azərbaycan istehlak etdiyi məhsulun 80 faizini xaricdən idxal edir. Anti-dempinq tədbirləri daxili bazarı qorumaq məqsədi daşıyır. Daha məqsədəuyğundur ki, ilk mərhələdə yerli istehsal dəstəklənsin, mövcud olsun ki, daha sonra anti-dempinq tədbirlərini tətbiq etmək mümkün olsun. Anti-dempinq tədbirləri tətbiq olunarsa, bu, birmənalı şəkildə idxalın azalmasına və istehlak bazarında qiymətlərin artmasına gətirib çıxaracaq. Ona görə ixracata subsidiyanın verilməsinin tərəfdarıyam, ancaq idxalda anti-dempinq tədbirlərinin tətbiq edilməsinin tərəfdarı deyiləm".