"Binəqədi Rayon Məhkəməsi Müsavat partiyasının sonuncu qurultayının nəticələri ilə bağlı işi icraata aldı, proses 3 ay uzadıldı. İddiaya tələb olunan sənədləri son anda qismən təmin etdi. Nəticədə də Müsavat partiyasının vəkili Osman Kazımovun "facebook" sosial şəbəkəsində olan yazışma skrenlərinə yer ayırdı, saxtakarlığı aşkar edən faktlara və videoya baxmağı lüzum bilmədi. Amma bütün bunlara baxmayaraq, yenə ədalətin bərqərar olacağına inanırıq". Bu fikirləri SİA-ya Müsavat partiyasının Qadınlar Birliyinin sabiq sədri, müsavatçıların hüquqlarının müdafiəsi komitəsinin üzvü Ellada Məmmədli bir qrup narazı müsavatçının şikayəti əsasında baş tutan məhkəmə prosesi haqqında məlumat verərkən deyib.
Ellada Məmmədli bildirib ki, məhkəmə qurultayın nəticələrinin ləğv olunması ilə bağlı iddianı təmin etməyib: "Məhkəmənin qərarından apellyasiya şikayəti veriləcək və bundan sonra atacağımız addımları müəyyənləşdirəcəyik. Hər kəsə bəllidir ki, Müsavatın indiki rəhbərliyinin musavatçılıq ideologiyasından xəbəri yoxdur. Müsavatçılara Arif Hacılı kimi saxtakar rəhbər lazım deyil, Arif Hacılıya da onu başqan kimi görməyənlər, saxtakarlığını qəbul etməyənlər deyil, onu qəbul edənlər lazımdır. Düşünürəm ki, bu günə qədər bizimlə görüşlərdən yayınan, üzümüzə baxmağa cürət edə bilməyən biri bundan sonra da bizimlə bir masada oturmağa cürət etməz. Bir zamanlar İsa Qəmbər deyirdi ki , dava iqtidar-müsavat davasıdır, bu yolu tutanlar iqtidarın sifarişini icra edir. Məhkəmə isbat etdi ki, Arif Hacılı iqtidarın sifarişi ilə seçilib. Ona görə tam əminliklə söyləmək olar ki, şərəfli yol keçmiş Müsavat partiyası 27 sentyabr 2014-cü il tarixində ömrünü başa çatdırdı. İndiki Müsavat isə Arif Hacılının başqanlığı altında iqtidar sifarişli kiçik MMC-dir.
Qeyd edək ki, Müsavat partiyasının keçirilən qurultayında Arif Hacılının partiya başqanı seçilməsindən sonra qurultayın nəticəsindən narazı qalan müsavatçılar məhkəməyə müraciət etmişdi. Nəticələrin ləğv olunmasını tələb edənlərin isə iddiası məhkmə tərəfindən təmin edilməyib.