"Prinsip etibarilə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) baş katibi Nikolay Bordyujanın "Dağlıq Qarabağda müharibə başlayarsa, bizim ora müdaxilə edəcəyimizi düşünənlər yanılırlar" kimi fikir söyləməsində qeyri-adi heç nə yoxdur. Çünki, Dağlıq Qarabağın azad edilməsi üçün hərbi əməliyyatlar başlansa, KTMT-yə üzv olan ölkələr bu prosesə müdaxilə etmək hüququna malik deyillər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elçin Mirzəbəyli deyib.
Onun sözlərinə görə, əgər müqavilədən kənar ölkə KTMT-yə üzv olan ölkələrdən hansısa birinə hücum etsə, o zaman təşkilata daxil olan dövlətlər ona yardım edə bilərlər: "Lakin Dağlıq Qarabağ məsələsində söhbət Azərbaycan ərazisində aparılan hərbi əməliyyatlardan gedir. Əgər ölkəmiz öz torpaqlarının azad edilməsi üçün müharibəyə başlasa, o zaman KTMT-yə üzv olan ölkələr bu prosesə müdaxilə edə bilməzlər".
E. Mirzəbəyli söyləyib ki, KTMT-yə daxil olan ölkələrin mövqeyi Ermənistanla üst-üstə düşmür: "Çünki, quruma üzvü olan Qırğızıstan, Qazaxıstan və Belarus birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Rusiya Ermənistanı işğalçı adlandırmasa da, dolayısı ilə ərazi bütövlüyü amilinin mühüm olduğunu vurğulayır. Bu baxımdan KTMT-yə üzv olan ölkələrin hər hansı bir formada Ermənistanla Azərbaycan arasında olan münasibətlərə müdaxilə etməsi üçün xüsusi əsasları yoxdur. Bundan başqa Rusiya ATƏT-in Minsk qrupunun həmsədrlərindən biridir və münaqişənin sülh yolu ilə tənzimlənməsi onun mandatına daxil olan məsələdir. Belə olan halda, Rusiyanın bu prosesdə iştirakından söhbət gedə bilməz. KTMT-nin baş katibinin açıqlaması Rusiyanın son dövrlər Azərbaycanla münasibətlərinin inkişaf etdirilməsinə yönəlmiş siyasətin tərkib hissəsidir. Amma bu siyasətin nə dərəcədə səmimi olduğunu zaman göstərəcək".