"Təmiz şəhər naminə hərəkətdə ol!" veloyürüşü keçirilib VİDEO

13 Fevral 2016 13:13 (UTC+04:00)

Bu gün Azərbaycan Gənclər Fondu, Azərbaycan Velosiped İdmanı Federasiyası, Nərimanov rayon Gənclər və İdman İdarəsi və "İslahatçı Gənclər" İctimai Birliyinin birgə təşkilatçılığı ilə "Təmiz şəhər naminə hərəkətdə ol!" devizi altında veloyürüş keçirilib. SİA-nın verdiyi xəbərə görə aksiyanın məqsədi şəhərin təmiz saxlanmasını eyni zamanda gənclər arasında sağlam həyat tərzini təbliğ etməkdir. Veloyürüşdə Federasiyasının 100-dən artıq idmançısı, könüllü gənclər, Nərimanov rayonundan seçilmiş millət vəkilləri və eyni zamanda rayonun rəhbər strukturlarının nümayəndələri iştirak ediblər.

Açılış nitqində iştirakçıları salamlayan Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov tədbirin təşkil edilməsində dəstək verən şəxslərə öz minnətdarlığını bildirərərək yarış iştirakçılarına uğurlar arzu edib.

Nərimanov rayonundan seçilmiş millət vəkili Hikmət Məmmədov Azərbaycanda cənab prezident tərəfindən uğurlu gənclər siyasətinin həyata keçirildiyini və Nərimanov rayonunda baş tutan belə layihələrin bu siyasətin tərkib hissəsi olduğunu deyib.

Rayondan seçilmiş digər millət vəkili Adil Əliyev çıxışında belə tədbirlərinin tez-tez keçirilməsinin vacibliyinə toxunaraq bunun gənclərin asudə vaxtlarını daha səmərəli keçirməsinə həmçinin də ekologiyanın təmiz saxlanmasına xidmət etdiyini söyləyib.

Azərbaycan Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev ətraf mühiti təmiz saxlamağın insan sağlamlığına da müsbət təsir etdiyini qeyd edib.

Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev digər təşkilatları da bu tipli aksiyalara qoşulmağa çağırıb.

"İslahatçı Gənclər" İctimai Birliyinin sədri Fərid Şahbazlı belə aksiyalar daha çox keçirilməsinin vacib olduğunu söyləyib.

Veloyürüşün sonunda 5 min metr məsfaəni ilk keçən millət vəkili Hikmət Məmmədova və digər iştirakçılara sertifikat təqdim olunub.

Sonda bu tip aksiyaların Bakı şəhərinin digər rayonlarında da keçirilməsinin vacibliyi diqqətə çatdırılıb.