Strateji məhsul sayılan kartofun Şəmkirdə daha geniş sahələrdə əkilməsi üçün bir sıra işlər həyata keçirilir. Bu məqsədlə rayonun Sabirkənd kəndində 400 ha-dan artıq sahədə kartof əkilib. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, Sabirkənd sakinlərinin əsas məşğuliyəti əkinçilik, qismən də maldarlıqdır.
Kənddə son 25 ildə faraş kartof əkini inkişaf etdirilib. Əsasən Rusiya bazarlarına çıxarılan kartof istixanalarda növbəlilik əsasında kələmdən sonra əkilir. Kənddə 400 ha-dan artıq sahədə kartof becərilir ki, bunun da 100 ha yaxınını həyətyanı sahələr təşkil edir. Mütəxəssilər bildirirlər ki, istixana şəraitində məhsuldarlıq az olsa da, əldə edilən gəlir yüksəkdir. Çünki ilin bu vaxtı faraş kartof əkilmir. Hazırda əkilən kartof mart ayında məhsul verəcək. 3 sot istixanadan 800 kq -1 ton arası məhsul əldə edilir ki, bunu da 1man 60 qəpik - 2 manata yerindəcə satmaq mümkündür. Kartof əkini ilə məşğul olan təsərrüfat sahibləri həm məhsuldarlıqdan,həm də bazar qiymətlərindən razıdırlar. Fermerlər gələcəkdə kartofu damcı sistemi ilə suvarmaq istəyirlər. Bu gün isə məhsul selləmə üsulu ilə suvarılır. Əkin zamanı təsərrüfatlarda fosfor gübrələrindən və peyindən daha çox istifadə olunur.
İlham Məmmədzadə