"Beynəlxalq standartlara cavab verməyən kiçik səhmli bankların birləşməsi siyasətini həyata keçirmək lazım idi ki, nəticə bu olmasın". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı-ekspert Ruslan Atakişiyev deyib.
Onun sözlərinə görə, bu gün bankların bağlanması halları ilə qarşılaşırıq: "Bunun başlanğıcı hələ bank sektoru qurularkən qoyulmuşdu. Hələ 10 il bundan öncə şəxsi vəsait hesabına banklar yaranmağa başladı. Hansı ki, bu bankların heç biri dünya standartlarına uyğun deyildi. Ölkədə yaranan iqtisadi çətinliyin qarşısında müqavimətləri zəif idi. Təbii ki, Mərkəzi Bank maliyyə bazarında bankların yerini sağlamlaşdırmaq üçün bir sıra mütərəqqi islahatlar apararaq nizamnamə kapitalının həddini artırdı. Bunun nəticəsində beynəlxalq standartlara cavab verməyən kiçik səhmli bankların birləşməsi siyasətini həyata keçirmək lazım idi ki, nəticə bu, olmasın. Təbii ki, devalvasiya da bu prosesi sürətləndirdi. Lakin Mərkəzi Bank bu problemin həlli yolunda dünya təcrübəsinə dayanaraq, yeni islahatlara başlayıb. Belə ki, bu ildən artıq "stress-testing" proqramı tətbiq olunacaq. Bu zaman mövcud bankların bütün informasiyaları proqramda virtual olaraq, yerləşdiriləcək. Nəticədə ölkədə baş verən iqtisadi çətinliklərə, "stress"ə qarşı öncədən hazırlıq görmək mümkün olacaq".
Kubra Bayramova