Əmanətlər əmanətçilərə qaytarılacaqmı? ARAŞDIRMA

11 Fevral 2016 16:12 (UTC+04:00)

Dünyada hökm sürən maliyyə-iqtisadi böhranı ölkəmizdən də yan keçmədi. Xüsusilə bank sektoruna mənfi təsiri qaçılmaz oldu. Azərbaycanda 2015-ci il fevralın 21-də baş verən devalvasiya maliyyə sisteminə, o cümlədən də bank sektoruna təzyiqləri bir qədər də artırdı. Sonuncu devalvasiyadan sonra isə bankların bağlanması prosesi daha da sürətləndi. Ölkə üzrə mövcud olan 46 bankın 20-yə qədər azaldılması barədə Beynəlxalq Valyuta Fondu tərəfindən tövsiyələr verilib. Mərkəzi Bank da hesab edir ki, ərazi və əhali sayına görə bankların sayı kifayət qədər azaldılmalıdır. Bir sıra banklara təklif olunub, kiçik və zəif banklar birləşmə yolu ilə daha iri təşkilata çevrilsin. Bundan başqa, alternativ yol kimi bir sıra bankların qeyri-bank kredit təşkilatına çevrilmək variantı da təklif olunur. Bununla həyat qabiliyyəti olmayan banklar ümumiyyətlə bazardan çıxarılacaq və artıq bu proses reallaşmaqdadır. Bu vaxtacan 6 bankın lisenziyası ləğv edilib.

AMB bankları bağlayarkən əsasən məcmu kapitalın minimum məbləği tələbinə əməl edilmədiyini əsas gətirir. Bildiyimiz kimi, bankların məcmu kapital ehtiyatı 50 milyon manatdan az olmamalıdır. Qoyulan bu şərtin bankların bağlanmasına böyük təsiri oldu. Vətəndaşları əsas maraqlandıran məsələ isə onların əmanətlərinin qaytarılıb-qaytarılmayacağıdır. Bəs lisenziyası ləğv edilən, yaxud konsolidasiya edilən bankların əmanətçilərinin taleyi necə olacaq? Həmin banklardan kredit götürən vətəndaşlar daha kredit ödəyəcəkmi və ya bu proses necə tənzimlənəcək? Məlum bankların əməkdaşlarının başqa bir işlə təmin olunacağı gözlənilirmi? SİA bu və bu kimi digər suallar ətrafında araşdırma aparıb.

"Bankların bağlanmasındansa birləşməsinin tərəfdarıyıq"

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov bildirib ki, Bankların konsolidasiyası ilə əlaqədar olaraq təmərküzləşməsi prosesi ölkədə aparılan islahatların tərkib hissəsidir: "Cənab Prezident də bu məsələlərə xüsusi diqqət ayırıb. Uzun müddət idi ki, Milli Məclisdə bununla bağlı müzakirələr aparılırdı. Bankların bağlanmasının tərəfdarı deyilik. Çünki elə olan halda kredit və əmanətlərlə bağlı ciddi problemlər yaranır. Bankların birləşməsinin tərəfdarı kimi çıxış edirik.

Millət vəkili qeyd edib ki, birləşən banklarda kredit və əmanətlərlə bağlı heç bir problem yaranan deyil: "Yəni, həmin bankın belə desək varidatı keçir digər bir banka və proses onun varisi tərəfindən əvvəlki qaydada davam etdirilir. Bağlanan banklarda əmanəti olan şəxslərin vəsaitləri siğortalanıbsa, ödəmə prosesini Əmanətlərin Siğortalanması Fondu (ƏSF) həyata keçirəcək. Digər halda isə ödəmə prosesi həmin bankın əmlakının satışından əldə olunan gəlirlə reallaşa bilər. Bağlanan bankların işsiz qalan əməkdaşları ilə bağlı məsələyə gəldikdə isə düşünürəm ki, onların işlə təminatını rəhbərlikdə olmuş şəxslər şəxsi yönləndirmələri ilə həll edə bilər".

"Banklarla əmanətçilər arasında uzunmüddətli məhkəmə çəkişmələrinin şahidi olacağıq"

Məsələyə münasibət bildirən hüquqşünas Təbriz Raufoğlunun sözlərinə görə, sonuncu maliyyə böhranından sonra ölkəmizdə fəaliyyət göstərən bir neçə bankın lisenziyasının ləğv edilməsi əslində gözlənilən idi: "Çünki mövcud maliyyə bazarında manatın dəyər itirməsi problemli kreditlərin artmasına səbəb oldu və bir sıra banklar yaranmış şəraitdə real fəaliyyət iqtidarında olmadığından bu yükün altından çıxa bilmədi. Amma təbii ki, bankların ləğvi belə onları məsuliyyətdən azad etmir. Həmin banklarda əmanətləri olan şəxslərin əmanətlərinin qaytarılması bilavasitə qeyd edilən bankların vəzifəsidir. Qanunvericilik aspektindən hüquqi normativlər mövcuddur. Həmin bankların əmlakı müvafiq şəkildə bazara çıxarılmalı və əldə edilən vəsait əsasında bankın hüquqi öhdəlikləri yerinə yetirilməlidir.

İkinci tərəfdən Əmanətlərin Sığortalanması fondunun da mövcudluğunu qeyd etməliyik. Belə ki, həmin fond tərəfindən sığortalanmış əmanət sahibləri kompensasiyalarını daha qısa və real müddətdə ala bilərlər. Xüsusilə ifadə edirəm ki, hal hazırda banklarla əmanətçilər arasında problemin necə həll edilməsi banklara olan etimad əmsalını müəyyənləşdirəcək. Hər bir halda sadə vətəndaşların banklardan qoyduğu vəsaiti ala bilməməsi ümumilikdə maliyyə sisteminə zərbədir. Özəlliklə də bank sisteminə. Bütün bunlarla yanaşı, onu da vurğulamalıyıq ki, bütün əmanətlər ƏSF-da sığortalanmadığından istənilən halda gedişatda banklarla əmanətçilər arasında uzunmüddətli məhkəmə çəkişmələrinin şahidi olacağıq".

"Siğortalanmayan əmanətlərin ödənilməsi prosesi uzunmüddətli olacaq"

Mövzu ilə bağlı iqtisadçı ekspert Azər Mehdiyevin də fikirlərini öyrəndik. Ekspertin sözlərinə görə, birləşdirilməsinə qərar verilən bankların fəaliyyəti davam etdiriləcək və orada saxlanılan əmanətlər, eləcə də ödənilən kreditlər barədə hər hansı problem olmayacaq: "Ancaq bağlanmasına qərar verilən banklarla bağlı prosedurlar belədir: siğortalanan əmanətlər Əmanətlərin Siğortalanması Fondu (ƏSF) tərəfindən ödəniləcək. Siğortalanmayan əmanətlər isə yaradılan ləğv etmə komissiyasının iştirakı ilə həmin bankın əmlakının satışından yaxud da onun ləğv edilməsindən əldə olunan vəsait hesabına mövcud qanunvericiliyə uyğun həyata keçiriləcək. Bunun tam, yaxud natamam şəkildə reallaşması bankın əmlakından asılıdır.

Ləğv edilən banklara kredit ödəyən vətəndaşlar isə bunu Mərkəzi Bankın müəyyən etdiyi başqa banklarla həyata keçirəcək. Bu, problemli məsələ deyil. Həmin vətəndaşların kredit nömrələri, kodları var və bu ödəmə prosesi əvvəlki qaydada baş verəcək. Ödənişlərin həyata keçirilməsi, vəsaitlərin qaytarılması ləğvetmə komissiyasının nəzarətində olacaq və bu proses həm də bankın öhdəliklərinin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Yəni, gələn gəlirlə bank öz əmanətçilərinin vəsaitlərini geri qaytaracaq həm də xarici öhdəliyi varsa bu yöndə istifadə edəcək. Düşünürəm ki, proses uzunmüddətli olacaq.

"Ləğv edilən bankların kredit əldə etmiş müştəriləri mövcud öhdəlikdən azad olunmur"

Bank mütəxəssisi Hüseyn Əliyevin bildirdiyinə görə, ölkədə baş verən ikinci devalvasiyadan sonra bir neçə bankın açıq valyuta mövqeləri nəticəsində yaranmış itkiləri onların kapitalına zərərlə nəticələndi və bu da Mərkəzi Bank tərəfindən tələb olunan minimum kapital tələbindən aşağı səviyyəyə düşməsinə səbəb oldu: "Bankların konsolidasiyası öhdəliklərini yerinə yetirməkdə çətinlik çəkən bankların birləşməsi nəticəsində daha sağlam banklara çevriləcəyinə ümid verir. Bu, həm də insanların bank sektoruna olan inamının itməsinin qarşısını alacaq. Əmanətçilərin taleyinə gəldikdə isə Əmanətlərin Siğortalanma Fondu (ƏSF) tərəfindən hər bir əmanət üzrə həcmi 30000 AZN-ə qədər olan əmanətlər əhaliyə ödəniləcək. Əmanətlərin həcminin 30000 AZN-dən artıq hissəsi isə bankların aktivlərinin likvidləşdirilməsi yolu ilə əmanətçilərə geri qaytarılacaq. Məsələn, hər hansı müştərinin 50000 AZN əmanəti varsa, onun 30000 AZN hissəsi Fond tərəfindən ödənilir. Geri qalan 20000 AZN isə müştərinin müraciəti əsasında aktivlərin likvidləşdirilməsi prosesi nəticəsində ödənilə bilər.

Burada digər amil də əmanətin qoyulduğu faiz dərəcəsidir. Faiz dərəcəsi 12 %-dən yüksək olan əmanətlərin qanunvericiliyə əsasən siğortalanmır. Lisenziyası geri alınmış banklara kredit ödənişləri təyin olunmuş agent banklar vasitəsilə ödəniləcək. Başqa sözlə, bankın lisenziyasının geri alınması həmin bankdan kredit əldə etmiş müştəriləri öhdəlikdən azad etmir".

Fikirləri ümumiləşdirərək deyə bilərik ki, lisenziyası ləğv edilən bankların əmanətçiləri öz əmanətlərini geri ala biləcəklər. Amma bu prosesin uzunmüddətli xarakter alacağı indidən məlumdur. Həmin banklara kredit ödəyən vətəndaşlar isə yenə də ödənişə davam etməli olacaq. Hazırki vəziyyətdə kredit ödənişləri həmin banklara hava-su kimi lazımdır ki, onlar da öz hüquqi öhdəliklərini yerinə yetirsinlər. İşsiz qalmış şəxslər isə ölkə başçısının göstərişindən sonra açılmış yeni iş yerlərinə müraciət edə bilərlər.