"Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Dağlıq Qarabağla bağlı qətnamənin qəbul edilməsində ABŞ Dövlət katibinin köməkçisi Viktoriya Nulandın rolunun olub-olmadığı hazırda Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən araşdırılır. Bu, ciddi bəyanatdır". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının Siyasi Təhlil və Proqnozlaşdırma şöbəsinin müdiri, millət vəkili Aydın Mirzəzadə deyib.
Onun sözlərinə görə, Azərbaycan bu məsələyə dair ABŞ-ın, konkret olaraq isə V.Nulandın mövqeyini öyrənməlidir: "Bu bəyanat eyni zamanda göstərir ki, amerikalı konqresmen Adam Şiftin timsalında ABŞ Konqresində Azərbaycan əleyhinə, ölkəmizin milli maraqlarına, Amerikanın müəyyən dairələrinin və erməni millətçi diaspora dairələrinin maraqları altında əzməyə çalışan qüvvələr var. Digər tərəfdən əgər bu təsdiqini tapsa, hesab edirəm ki, AŞPA-nın nüfuzuna çox böyük xələl gətirəcək. Çünki AŞPA ora üzv olan 48 ölkənin beynəlxalq təşkilatıdır. Beləcə hansısa bir üzv ölkənin iradəsinə əsasən 47 ölkənin mövqeyinin dəyişməsi hesab edirəm ki, beynəlxalq təşkilata bağışlanmaz bir səhvdir. Bu baxımdan məsələ sonacan gedilməli və aydınlıq gətirilməlidir".